"Evlilik öncəsi uyğunluq yoxlanılmalıdır" - PSİXOLOQ İZAH ETDİ

"Cütlüklər ailə qurmazdan əvvəl aralarındakı münasibətləri və qarşılıqlı uyğunluğu analiz etməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, çox yaxşı olardı ki, evlilik öncəsi necə ki, tibbi analizlər aparılır, eyni zamanda psixoloji uyğunluq da yoxlanılsın: "Təəssüf ki, bu hal-hazırda ölkəmizdə geniş şəkildə tətbiq olunmur və daha çox boşanma prosesində – istər dövlət qurumlarında, istərsə də özəl səviyyədə – aktivləşir. Evlilik öncəsi cütlüklərin bir-birilərinə uyğun olub-olmaması çox önəmlidir. Bu, ailədə yaşanacaq potensial böhranların vaxtında müəyyənləşdirilməsi baxımından da vacibdir. Etimad böhranları adətən ilk üç ildə, yeddinci ildə, doqquzuncu ildə və on üçüncü ildə daha çox müşahidə olunur. Bu dövrlərdə uşağın dünyaya gəlməsi, hər iki tərəfin – həm oğlanın, həm də qızın – ailələrinin müdaxiləsi və qarşılıqlı gözləntilərin reallaşmaması kimi faktorlar etimad böhranına səbəb ola bilir.

Ümumiyyətlə, yeni ailə quran cütlüklərə müdaxilə minimum səviyyədə olmalıdır. Əvəzində yardım və dəstək xarakterli yanaşmalar daha faydalı olar. Məsləhət verərkən yönləndirici və anlayışlı olmaq, bu çətin keçid dövrünü daha rahat və sağlam şəkildə keçmələrinə kömək edə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə