"Elektron tullantılar xüsusi mərhələlərlə utilizasiya edilməlidir" - EKOLOQ DANIŞDI
"Elektron tullantılar müasir dövrdə ən sürətlə artan tullantı növlərindən biridir. Onlar tərkibində həm qiymətli metallar (qızıl, gümüş, mis, palladium), həm də sağlamlıq və ekosistem üçün təhlükəli maddələr (civə, qurğuşun, kadmium, bromlu plastiklər) daşıyır. Buna görə də utilizasiya prosesi xüsusi mərhələlərlə həyata keçirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.
O bildirib ki, ümumi beynəlxalq praktikada bu proses müxtəlif mərhələlərlə həyata keçirilir: "Əvvəlcə tullantılar qəbul məntəqələrində toplanır, istifadəyə yararlı avadanlıqlar ayrıca saxlanılır. Sonra mexaniki sökülmə prosesi başyır. Cihazlar hissələrə ayrılır, batareyalar və digər zərərli komponentlər ayrıca çıxarılır. Daha sonra isə xüsusi şrederlərdə tullantılar xırdalanır, maqnitlər və digər texnologiyalarla metal, plastik və şüşə bur-birindən ayrılır. Növbəti mərhələdə qiymətli metallar hidrometallurgiya və pirometallurgiya (termik) üsulları ilə bərpa olunur.
Batareyalar ən təhlükəlikompaentlər daşıdığı üçün ayrıca utilizasiya edilir. Litium, kobalt və qurğuşun kimi maddələr təkrar istehsalata yönəldilir. Plastiklər, metallar və qiymətli elementlər isə təkrar emala yönləndirilir. Bu yanaşma həm təbiətin qorunmasına xidmət edir, həm də iqtisadi dəyər yaradır.
Azərbaycanda da elektron tullantıların idarə olunması istiqamətində müəyyən addımlar atılır və bir neçə utilizasiya obyektinin adını çəkəcəyəm. “Fors Group” MMC – Bakı şəhərində elektron tullantıların toplanması və utilizasiyası ilə məşğuldur. Onlar həm hüquqi şəxslər, həm də fərdi vətəndaşlar üçün xidmət göstərir. “Təmiz Şəhər” ASC – Balaxanı Materialların Bərpası Zavodu – məişət tullantılarını çeşidləyərkən elektron və təhlükəli komponentlərin ayrılmasını təmin edir, onların xüsusi müəssisələrə yönləndirilməsini təşkil edir. Eco-Tech Recycling – tullantıların təkrar emalı sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Lakin qeyd etmək lazımdır ki, ölkədə elektron tullantıların toplanması üzrə xüsusi məntəqələrin sayı hələ məhduddur və bu sahədə ictimai maarifləndirməyə ciddi ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə