“Avtomobil idarə edən qadınlara qarşı heç bir mənfi münasibətim yoxdur” - MÜĞƏNNİ DANIŞDI
“Avtomobil idarə edən qadınlara qarşı heç bir mənfi münasibətim yoxdur. Əksinə, bu gün cəmiyyətin bir çox sahəsində qadınların fəallığını və müstəqilliyini alqışlayıram. Lakin bir müşahidəmi bölüşmək istəyirəm: bu günə qədər heç bir avtomobil zavodu istehsal etdiyi nəqliyyat vasitələrində qadın sürücülərin fizioloji və psixoloji xüsusiyyətlərini nəzərə alaraq xüsusi konstruksiya təqdim etməyib. Texniki baxımdan bütün avtomobillər standartlara uyğun dizayn olunur və bu dizayn, adətən, kişi istifadəçilər üzərində qurulmuş təcrübələrə əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.
Ofelya Şabanova sözlərinə belə davam edib: “Əlbəttə, yaxşı sürücü olmaq cinsiyyətlə deyil, bacarıq və məsuliyyətlə bağlıdır. Yaxşı insan da, yaxşı sürücü də hər yerdə yaxşıdır; pis isə, istər kişi olsun, istər qadın — hər yerdə pisdir. Bu mənada ümumiləşdirmə etmək doğru deyil.
Mən özüm müğənni olduğum üçün avtomobil idarə etmirəm. Bu, bir seçimdir. İctimai nəqliyyatdan və ya şəxsi sürücüdən istifadə etməyimin əsas səbəbi səhhətim və peşəmdəki incəliklərlə bağlıdır. Bilirəm ki, avtomobil idarə etmək zaman-zaman stress və gərginliklə müşayiət oluna bilər. Səhnədə səsimin sabitliyi və keyfiyyəti mənim üçün çox önəmlidir. Hər hansı bir emosional və ya fiziki gərginlik isə səsimə birbaşa təsir edə bilər. Bu səbəbdən çalışıram ki, mümkün qədər sakit və balanslı həyat tərzi sürüm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə