Naxçıvanda şəhid ailələrinə bayram sovqatları təqdim edilib - FOTO

"Vətən əmanətlərin keşiyindədir" layihəsi çərçivəsində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Qurban bayramı ərəfəsində muxtar respublikanın şəhər və rayonlarında 30-a yaxın şəhid ailəsinə bayram hədiyyələri çatdırılıb. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu təşəbbüs "PAŞA Holding"in dəstəyi ilə həyata keçirilib.

Proqram çərçivəsində nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsinin əməkdaşları şəhid ailələrinin evlərinə gedərək onlara bayram sovqatlarını təqdim edib, qayğı və ehtiyacları ilə maraqlanıblar.

Sovqatların çatdırılması zamanı şəhidlərimizin xatirəsi bir daha anılıb, onların göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilib.

Bu cür tədbirlər şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. "Vətən əmanətlərin keşiyindədir" layihəsi şəhid ailələrinə mənəvi və sosial dəstək istiqamətində aparılan əhəmiyyətli təşəbbüs olmaqla yanaşı, ictimaiyyətdə vətənə sevgi və birlik ruhunun daha da gücləndirilməsinə töhfə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə