İntensiv yağışlar İmişlidə meyvə bağlarına təsir edib

Mil-Muğan bölgəsində son günlər havaların qeyri-sabit keçməsi meyvə bağlarına təsirsiz ötüşməyib. Əsasən də yağan yağışlar ağaclarda çiçəklənməyə mənfi təsir edib. Buna baxmayaraq, fermerlər zərəri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görürlər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Mil-Muğan bölgəsində yerləşən İmişli rayonunda meyvə bağlarının çox hissəsi əsasən fərdi təsərrüfatlarda, yəni həyətyanı sahələrdədir. Yağan yağışlar səbəbindən bağlardan məhsul gözləntisi aşağı düşüb. Qeyri-sabit hava əsasən ərik və gilas ağaclarına təsir edib.

İmişlidən olan bağban Muxtar Əliməmmədov əvvəllki illərə nisbətən məhsuldarlığın iki dəfə az olacağını bildirir: “İstənilən qədər gilas olmayacaq. Çünki yağış çox təsir edib. Yağışlar ağac çiçəkləyən dövrdə düşdüyü üçün çiçəklər zədələnib tökülür. Bəzi ağaclarda çiçək qalsa da, bir çoxunda ümumiyyətlə heç yoxdur. Ötən il bu ağaclar 15-18 kiloqram məhsul verib. Lakin bu dəfə yağışın fəsadları səbəbindən hər ağac 5-6 kiloqramdan artıq məhsul verə bilməyəcək”.

Aramsız yağan yağışlar həm də zərərvericilərin və müxtəlif xəstəliklərin artmasına səbəb olub. Əsasən də ağacın dibinin nəmli qalması bu prosesi sürətləndirib. Yağış alaq otlarının inkişafına, eləcə də artan qrunt suları ağacların qurumasına səbəb olur.

Hazırda bağbanlar ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə apararaq zərəri minimuma endirməyə çalışırlar.

Aqronom-bağban Azər Rzayev deyir ki, ağaclarda əsasən yarpaqaltı bitlərə rast gəlinir, bu da çox təhlükəlidir.

"Zərərvericilər daha çox ağaclara ziyan verir və “meyvə gözləri”ni yeyərək yandırır. Bu da ağaclarda meyvənin az olmasına gətirib çıxarır. “Miz” dediyimiz həşəratlara qarşı və alçanın içqurduna qarşı mübarizə aparırıq. Bu dərmanlama aparılmasa, meyvəyə içqurdu düşür, yağışlardan sonra meyvədə saralma baş verir və tökülür. Qrunt suları yüksələn yerlərdə isə məsləhət görülür ki, bağın ətrafında drenaj quyuları qazılsın, qrunt suları oraya axsın. Bu sistemi qurduqdan sonra daha yaxşı nəticə almaq olmur və ağaclar üçün yaranan təhlükəyə qarşı yaxşı mübarizə üsuludur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə