"Bu gün kanalizasiya sistemlərinin monitorinqi vacibdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Xəzər dənizinin çirklənməsi, yaşıllıqların azalması və tullantıların idarə olunmaması ölkəmizin və ümumilikdə regionun üzləşdiyi əsas ekoloji problemlərdəndir. Bu məsələlərin hər birinin özünəməxsus səbəbləri var və onların aradan qaldırılması üçün kompleks yanaşma tələb olunur". Bu sözləri SİA-ya açıqlamasında Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.

O bildirib ki, Xəzər dənizi bir neçə ölkə ilə əhatələnib: Rusiya, Qazaxıstan, İran və Türkmənistan: "Bu ölkələrin ərazisindən Xəzərə axan çaylar vasitəsilə müxtəlif tullantılar - əsasən sənaye və məişət mənşəli tullantıları dənizə axıdılır. Hətta sahilində yerləşməyən Ermənistan belə, Araz çayı vasitəsilə Xəzərin çirklənməsində dolayı yolla iştirak edir. Arazın sahilində yerləşən sənaye müəssisələrinin tullantıları təmizlənmədən suya buraxılır.

Digər tərəfdən, Volqa çayı da Rusiya ərazisindəki bir çox sənaye mərkəzlərinin tullantılarını Xəzərə gətirir. Bütün bu faktorlar Xəzərin çirklənməsinə birbaşa təsir edir. Ölkəmiz daxilində isə xüsusilə Bakı şəhərinin çirkab suları bir vaxtlar birbaşa dənizə axıdılırdı. 1990-cı illərdə bulvar ətrafında yerləşən kanalizasiya çıxışları vasitəsilə dənizə axan sular həm ətraf mühitə, həm də insan sağlamlığına təhlükə yaradırdı. İctimai təzyiq, media və ekoloji fəalların səyləri nəticəsində bu məsələ qismən həll olundu, kanalizasiya xətləri təmizləmə qurğularına yönləndirildi.

Bu gün də kanalizasiya sistemlərinin monitorinqi vacibdir. Yeni xətlər çəkmək texniki və maliyyə baxımından çətin olsa da, şəhərsalma siyasəti bu reallıqları nəzərə almalıdır. Artıq mövcud şəhər strukturu ilə davam etmək doğru deyil. Yeni planlamalarda kanalizasiya və drenaj sistemləri şəhərin artan tələbatına uyğun şəkildə nəzərdə tutulmalıdır.

Təəssüf ki, bəzi hallarda jurnalistlər və hətta məsul şəxslər drenaj və kanalizasiya xətlərini qarışdırırlar. Yağış suları kanalizasiya sisteminə yönləndirilməməlidir. Bunun üçün ayrıca drenaj sistemi mövcud olmalıdır. Əgər bu məsələ düzgün həll olunmasa, hər yağıntı zamanı küçələrin su altında qalması qaçılmaz olur. Bakı şəhərində dəfələrlə yaşanan daşqınlar bu sahədəki boşluqları üzə çıxarıb".

"Meşələrin və yaşıllıqların azalması da ciddi ekoloji problemdir. Meşələrin sürətlə məhv olunması və bərpa işlərinin zəif aparılması bu sahədəki problemlərin əsasını təşkil edir. Dağlıq ərazilərdə qazlaşdırmanın yetərli səviyyədə olmaması səbəbilə insanlar hələ də odunla istilik əldə etməyə məcbur olurlar. Nəticədə meşələr həm sənaye, həm də məişət məqsədilə istismar olunur. Bu isə ekosistemin tarazlığını pozur.

Tullantıların idarə olunmaması isə şəhərlərdə və kəndlərdə ətraf mühitin çirklənməsinə səbəb olur. Hər bir yaşayış məntəqəsində bu işlərə məsul olan qurumlar – bələdiyyələr, icra orqanları, kanalizasiya və kommunal təsərrüfat idarələri – üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər. Eyni zamanda bu sahədə ciddi nəzarət mexanizmlərinin tətbiqi vacibdir.

Maarifləndirmənin rolu

Ən əsası isə cəmiyyətin maarifləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməlidir. İnsanlar bu problemlərin fəsadlarını və onların qarşısının necə alınmalı olduğunu bilməlidirlər. Unutmayaq ki, ekoloji problemlər yalnız hökumət və ya dövlət qurumlarının deyil, hər bir fərdin məsuliyyətidir"- deyə o, əlavə edib.

Müəllif: Nuray Paşşanlı

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə