Türkiyənin İğdır şəhərində Novruz bayramı təşkil olunub. SİA xəbər verir ki, bayram tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi, Qarsdakı baş konsulluğu, İğdır Valiliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “Alagöz Holding” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
İğdır valisi Ercan Turan Novruz bayramını Türk dünyasının ortaq dəyəri kimi səciyələndirərək qardaş Azərbaycanla birgə təşkil olunan bu şənliyinin ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını bildirib. O, Novruzun əhəmiyyəti haqqında danışaraq, bahar bayramının birlik və bərabərliyə xidmət etdiyini söyləyib.
Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov xalqlarımızın min illərdir yaşatdığı, özündə qədim tariximizi, zəngin mədəniyyətimizi əks etdirən Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb. Səfir ortaq dəyərimiz olan Novruz bayramının İğdırda qardaş Türkiyə ilə birgə geniş qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını və Novruzun dünyanın ən qədim, ən müdrik bayramı olaraq milli mədəniyyətimizdə rolunu, dövlət səviyəsində qeyd olunmasını qeyd edib.
Digər çıxışlarda da Novruz bayramının xalqlarımızı birləşdirdiyi və zəngin mədəniyyətimizi özündə əks etdirdiyi vurğulanıb.
Sonra Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub.
Tədbirdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Elnarə Abdullayeva və Fəxri Nicat Kazım, Zəngəzur Rəqs Ansamblı, Naxçıvanın Yallı Ansamblı, Aşıq və zurnaçılar çıxış ediblər.
Sonda İğdır şəhər mərkəzi bələdiyyə meydanında Novruz tonqalları qalanıb, konsert bayram tonqalları ətrafında davam edib. Bayram tədbiri atəşfəşanlıqla davam etdirilib.
Minlərlə insanın iştirak etdiyi Novruz şənliyində xalqlarımızın min illər boyu yaşayıb-yaratdığı Novruz bayramı, onun adət və ənənələri haqqında geniş məlumat verilib.
Tədbir çərçivəsində qonaqlar üçün iftar süfrəsi də hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə