Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib - FOTOLAR
Bu gün Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı - bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Qaradağ rayon təşkilatının fəalları, Qaradağ rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Tədbirin açılışından əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Respubikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Xocalı soyqırımı barədə təbdir iştirakçılarına ətraflı məlumat verib: “Ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdəndir. Xocalı faciəsi yaddaşlardan heç vaxt silinməyəcək, dəhşətli faciələrdən biri kimi tarixin qanlı səhifələrində daimi olaraq qalacaq. Xüsusi qəddarlıqla həyata keçirilən soyqırımı zamanı ermənilər Xocalının yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki azərbaycanlılardan ibarət 7 min nəfər əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmışlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və ermənilərin də çoxluq təşkil etdiyi canlı qüvvəsi ilə Xocalını mühasirəyə alaraq şəhəri yerlə-yeksan etdilər. İnsanlar xüsusi qəddarlıqla qətlə yetirildilər. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüş, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmiş, 56 insan işgəncə ilə öldürülmüş 27 ailənin yalnız 1 üzvü qalmış, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 230 ailə öz başçısını itirmiş, 487 insan şikəst olmuş, 1275 insan əsir götürülmüş, 1165 insan girovluqdan azad edilmiş, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Dünya birliyi isə hələ də susur və Xocalı soyqırımına qiymət verməyə tələsmir”.
Sonra “Xocalı soyqırımı - bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri" “ mövzusunda videoçarxın nümayiş etdirilib. Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Lökbatan bələdiyyəsinin sədri Tahir Abbasov, QMƏVŞAİB Qaradağ rayon şöbəsinin sədri Maqsud Heydərov, Ələt körpələr evi-uşaq bağçasının müəllimi, ABŞ Psixoloqlar Assosiasiyasını üzvü Rəna Haqverdiyeva, “Qarabağ Qaziləri” İctimai Birliyinnin Qaradağ rayon filialının sədr müavini Qafqaz Əhmədov, 6 saylı Uşaq Somatik Sanatoriyasının tərbiyəçisi Türkanə Əliyeva, çıxış edərək Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasını beynəlxalq məhkəmədən tələb etmişlər.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatı sədri Qafar Əliyev iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə fotosu çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB