Saxta “Himalay duzu"nun satışı ilə bağlı daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, fiziki şəxs Mənsimov Məmməd Adil oğlunun İrandan idxal etdiyi “Behnam Kar Azar Bilasavar Co” şirkətinin istehsalı olan “Morvarid” əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi, 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində “İlğım” əmtəə nişanı ilə “Himalay duzu” adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə həmin məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə