Yanğınlar daha çox nədən baş verir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə bütün təyinatlı obyektlər, yəni turizm məkanları və kompleksləri, otellər, sənaye müəssisələri, iş yerləri yanğın təhlükəsinə dair olan tələblərə, təlimatlara, həmçinin təchizat ilə təmin olunmasına, bu barədə rejimin yaradılmasına, işçilərin yanğın təhlükəsinə dair olan bilik və bacarıqların formalaşmasını təmin etməlidir. Yanğınlardan heç kim sığortalanmayıb, lakin önləyici tədbirlər görməklə, yanğın təhlükəsizliyinə aid olan təchizatı saz vəziyyətdə sağlamaqla, obyektin norma və standartlara cavab verməsini təmin etməklə vaxtında baş verən yanğınların və hadisənin daha geniş miqyasda yayılmasının qarşısını almaq olar. Bununla yanaşı söhbət həmçinin obyektin quruluşundan gedir. Əgər turizm obyektidirsə, orda yanğın təhlükəsizliyinə aid olan təchizat, yəni yanğın hidratları, dolabları, yanğın yolları, təhlükəsiz toplanış yerləri, yanğın söndürmə və xəbərverici siqnalzasiya vasitələri işlək vəziyyətdə, işçilərin isə bilik, bacarıqları olmalıdır". Bu sözləri təhlükəsizlik eksperti Elmar Nurəliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, işçilərin bu sahədə biliyi hadisə zamanı insanların təxliyyə olunması, toplanış yerlərinə toplanması, yanğın zamanı ilkin söndürmə vasitələrindən istifadə edərək yanğının söndürülməsi üçün cəhd etmək üçün lazımdır: "İşçilərin bilik və bacarıqlarının olmasını iş yerləri təmin etməlidir. İldə iki dəfədən az olmayaraq işçilər yanğın təhlükəsizliyi barədə təlimlərə cəlb edilməlidir. Belə olan hallarda hadisə zamanı çevik müdaxilə etməklə yanğınların geniş miqyasda yayılmasının qarşısını almaq mümkündür".

Ekspert həmçinin qeyd edib ki, yanğın təhlükəsizliyinə dair olan tələblər heç bir halda pozulmamalıdır: "Yanğınların baş vermə statistikasına baxan zaman demək olar ki, çoxunun elektrik qısa qapanmasına görə olduğunu görürük. Burada elektrik qısa qapanması, elektrik naqillərinin yüklənməsi, naqillərdə qızma və alışmanın olması yanğınlara gətirib çıxarır. Ona görə də obyektlər bunu ciddi nəzarətdə saxlamalı, elektrik şəbəkəsinin normadan artıq işlənməməsinə diqqət etməli, elektrik təsərrüfatını daim saz vəziyyətdə saxlamalı və akkreditasiyadan keçmiş müəssisələr tərəfindən ildə bir dəfədən az olmayaraq texniki müayinənin keçirilməsini təmin etməlidir.

Türkiyədə baş vermiş hadisə çox böyük faciədir. Belə halların yaşanmaması üçün bütün təyinatlı obyektlər, həmçinin turizm obyektləridə yanğın hadisələrinə tam ciddi yanaşılmalıdır. Bu cür obyektlərdə yana bilən, yanma və alışma qabiliyyəti yüksək olan materiallar yanmayan, yanmanı gecikdirən boya ilə hopdurulmalıdır. Belə olan halda yanğın baş verdiyi zaman geniş miqyasda olan əraziyə yayılmanın qarşısını alır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə