"Övlad valideynin günahına görə daha çətin imtahan verə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
"Övlad valideynin günahına görə cavab vermir. Övlad valideynin günahına görə daha çətin imtahan verə bilər". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.
O bildirib ki, bu, bir baxımdan bizə ədalətsizlik kimi görünə bilər, lakin əslində Allah-təala dünyanı, insanları yaradıb və bütün insanlara başa salıb ki, siz sınaqdasınız, ikincisi də ictimai həyatla yaşayırsınız: "Bu həyatda zəncirvari səbəb-nəticə qanunları hökm sürür. Bir nəfər deməsin ki, mən özüm bilərəm, bu yalnız mənə aiddir. Hər bir əməlin hər kəsə dəxli var. Hər bir hadisənin hər şeyə təsiri var.
Filosoflar deyirlər ki, payız aylarında ağacdan yerə düşən bir yarpağın belə bütün kainatda təsiri var. Həyatı Allah belə qurub. Həyata, dünyaya, yaşama vahid bir harmoniya hökm sürür. Bunu bir avtomobil, cihaz kimi düşünək. Bir hissə normal işləməsə, vurub başqa hissələri sıradan çıxaracaq. Bir insan da hər hansı savab iş görərsə, hökmən gələcək nəslinə, gələcək nəsillərə təsiri olacaq. Hər hansı bir günah iş görərsə, hökmən gələcək nəsillərə təsiri olacaq".
"Övladın imtahanının çətinliyi Allahın işi deyil, valideynin günahıdır. Valideyn bilməsə idi ki, mənim əməllərim günahdır, onsuz da, günah sayılmır. Günah o işə deyilir ki, iki xasiyyəti olsun. Birinci, o günahı edən qəsdən onu etsin. İkinci, günah olduğunu bilsin. Odur ki, insanlar bunu bildikdən sonra nəsə edirlərsə, hökmən ətrafa təsiri var. Biz neft-qaz yataqlarını gələcək nəsillər üçün saxlamadan istifadə etsək, gələcək nəsillərə bu yataqlardan fayda toxunmasa, bunun təqsirkarı Allah deyil, bizik. Bir insan başqalarının haqqına girirsə, gələcəkdə kimsə onun övladının haqqını yesə, günahkar özüdür. Övlad məcburdurmu pis vəziyyətdə yaşamağa? Məcbur deyil, sadəcə mübarizəni gücləndirməlidir, imtahanı bir az çətin olacaq. İmtahanın da çətinliyinin kompensasiyası elə verilir ki, imtahan nə qədər çətin olarsa, o qədər insan sürətlə inkişaf edir. Allah sistemi belə qürub. Qardaşları Yusif Əleyhissalamı quyuya atdılar. Zahirən bu, çox pis hadisə idi, faciə ilə nəticələnə bilərdi. Amma Yusif Əleyhissalamın quyuya düşməsi səbəb oldu ki, onu quldurlar quyudan çıxarıb Misir bazarında satsınlar. Misirin hakimi onu alsın, saraya gətirsin, gələcəkdə Yusif Əleyhissalam Misirin padşahı olsun. Yəni Allah sistemi elə qurub ki, kimsə cinayət işlətsə, onun təsiri gələcək nəsillərə toxunur. Amma gələcək nəsl imtahandan üzü ağ çıxsa, o daha böyük məqama çatır. Yaxud, kimsə yaxşı iş görsə, gələcək nəslinə onun faydasıdır. Bunun nümunəsi Qurani-Kərimdə həm Yusif Əleyhissalam surəsində var. Yazırlar ki, Yusifin atası Yaqub Əleyhissəlamın evinə bir dilənçi gəldi, Yaqub Əleyhissəlam o dilənçiyə vaxt ayıra bilmədi, imkanı olmadı, Allaha bu, acıq gəldi ki, niyə mənim yoxsul bəndəmə vaxt ayıra bilmədin. Onun nəticəsində Yusif Əleyhissalamı ondan ayırdı. Atanın əməlinin təsiri oldu oğula, oğul da imtahandan üzü ağ çıxdı, Misir padşahı oldu. Yaxud, başqa bir misal olaraq, Əshabi-kəhf ilə əlaqədar olan surədə gəlir. Orada Xızır Əleyhissəlam Musa Əleyhissəlama deyir ki, bu xaraba divarı, evi, tikilini təmir edək. Təmir edib qurtarırlar, Musa Əleyhissəlam səbəbini soruşduqda Xızır Əleyhissəlam buyurur ki, xaraba divar iki yetimə aiddir. Bunun altında qızıl xəzinəsi var. Onların ataları əməli saleh adam olmuşdu, onların xətrinə bu övladlar üçün qızılı saxlayir. Biz tarixdə oxuyuruq ki, həmin iki yetimin ata-babası yeddinci cədləri idi.
Adətən biz beləyik ki, Allah bizə nə qədər bol ruzi yetirsə, heç vaxt sual vermirik ki, niyə mənə gətirirsən bunları. Amma bir dəfə bəla yetirəndə bu sualı veririk. Bu dünya səbəb-nəticə qanununa tabedir. Ona görə də, bunu ədalətsizlik kimi qəbul etmək fəlsəfi məntiqə malik olmamağın nəticəsidir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə