Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Culiana Muqanzanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycanın “ASAN xidmət” modelinin Ruandada tətbiqi ilə bağlı konsepsiya ilə yaxından tanış olmaqdır.
Nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında görüş keçirilib.
Görüş zamanı qonaqlara “ASAN xidmət”, o cümlədən Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Dövlət Agentliyinin sədri “ASAN xidmət” konsepsiyasının Ruandada tətbiqi istiqamətində ölkəmizin qabaqcıl təcrübəsinin qarşı tərəflə bölüşməyə hazır olduğumuzu diqqətə çatdırıb. Ruanda tərəfi, öz növbəsində, müvafiq istiqamət üzrə Anlaşma Memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib.
Səfər çərçivəsində qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib.
Ruanda nümayəndə heyəti, həmçinin Bakıda yerləşən “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar “ASAN xidmət”in, “ABAD” publik hüquqi şəxsin, “Bilim Bakı” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN Radio/TV-nin fəaliyyəti ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə