Xidmət rəisindən Gəncədə vətəndaş qəbulu - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimovun dekabrın 13-də Gəncədə vətəndaş qəbulu olub. SİA-nın məlumatına görə, Gəncədə yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında xidmət rəisi Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda 5 şəhid ailəsi və 2 müharibə veteranı olmaqla 38 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə