"Sosial şəbəkə təhlükəsizliyi üçün ilk növbədə öz hesablarımızın təhlükəsizliyini artırmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında “Technogen MMC” və “DevCenter MMC” şirkətinin təsisçisi, “Aral” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərrux Rəcəbli deyib.
O bildirib ki, çünki hesablar oğurlana, başqaları tərəfindən ələ keçirilə bilir: "Hesabların təhlükəsizliyini artırmalıyıq, bunun üçün müxtəlif metodlar var. Bunlardan ən çox yayılanı iki faktorlu təsdiqləmədir. Bu, barmaq izi, hansısa e-mail üzərindən təsdiqləmə ola bilər. Yaxud da, mobil nömrə üzərindən gələn kod təsdiqləməsi ola bilər. Hər bir halda iki addımlı təsdiqləməni mütləq şəkildə sosial şəbəkə hesablarımızda tətbiq etmək lazımdır. Çünki əgər hesablar oğurlanarsa, bir neçə məqsəd olur. Bunlardan ən başlıcası odur ki, hesablar oğurlandıqdan sonra həmin şəxslər adından izləyicilərə, üçüncü şəxslərə xoşagəlməz mesajlar, təkliflər göndərilir. Yaxud da, cinayət tərkibli işlərə sizin xəbəriniz olmadan adınız daxil olur. Ona görə də, mütləq şəkildə hesablarımızda təhlükəsizlik tədbirlərini artırmalıyıq.
Qaydaları pozmamaq üçün ilk növbədə bilməliyik ki, hansı ölkədə yaşayırıq. Yaşadığımız ölkədə hansı qaydalar, hansı hərəkətlər, danışıq üslubu qaydaların pozulması hesab olunur, hansı çağırışlar, sosial şəbəkələrdə paylaşılan videolar, fotolar qaydaların pozulmasına səbəb ola bilər. Bunlara diqqət yetirməliyik. Sosial şəbəkələr bu gün sadəcə şəxsi məqsədlə yox, eyni zamanda biznes məqsədilə də istifadə olunur. Həm də blog məqsədilə istifadə olunur. Nə olur-olsun çalışmalıyıq ki, yaşadığımız ölkənin qaydalarına uyğun olaraq bütün paylaşımlarımızı, canlı yayımda davranış qaydalarını, istifadə etdiyimiz sözləri, təbliğ etdiyimiz iş, peşə, marka, dini elə çərçivədə edək ki, qayda pozuntusu, cinayət tərkibli hər hansı ünsür aşkar olunmasın".
"Bir çox tiktokerlər qazancını "TikTok" səhifəsindən qazanırlar. Çalışırlar ki, canlı yayımlar açsınlar, orada söhbət etsinlər, oyunlar keçirsinlər. Tiktokerlərin bəziləri bunu maraqlı edir. Orada keçirilən yarışlarda, qarşılıqlı oyunda belə bir qayda var ki, kimə daha çox jeton gələrsə, həmin şəxs qalib gəlir. Bəzi tiktokerlər də var ki, canlı yayım açırlar, müəyyən səbəblərdən nə danışdıqlarını bilmirlər, bir-birlərini təhqir edirlər, qaydaları pozurlar, uyğun olmayan ünsürləri təbliğ edirlər. Son zamanlarda bu, geniş yayılıb ki, bir-birlərini təhqir yox, birbaşa təhdid edir, həyatlarına qəsd etməklə təhdidlər edirlər. Canlı yayıma kimsə girir, lazımsız ifadə işlədir. Kimlərinsə vasitəsilə həmin şəxsləri tapırlar, öz ədalətləri çərçivəsində onları cəzalandırırlar. Hətta bəzi tiktokerlərdə bu cinayət xarakterli əməl törətmək kimi özbaşınalıq yayılıb. Bəzi tiktokerlər də var ki, onların arxasında kimlərsə dayanır, ona güvənərək bu addımları atırlar. Sonunda lazım olan tədbir təhlükəsizlik orqanları tərəfindən həyata keçirilir, həbs edilirlər. Düşünürəm ki, bu həbslər qısamüddətli olmamalıdır, çünki qısamüddətli olduğu zaman çox da effektiv olmur. Həmin tiktokerlər yenidən yayın açırlar, yenidən həmin hərəkətləri edirlər. Uzunmüddətli olsa, hətta maddi cəza tətbiq olunsa, inanıram ki, onlar ikinci dəfə belə bir şey etməzlər. Çünki heç kim istəməz ki, böyük məbləğdə cərimə olunsun. Yaxud da, azadlıqdan məhrum olunsun. Tədbirlər gücləndirildikcə "TikTok"da əxlaqsızlığı təbliğ edən tiktokerlər, özlərini cəmiyyətdə statuslu şəxs kimi tanıdanlar aradan qalxacaq. Bu cür tiktokerlərin çoxalmasının səbəbkarı da əfsuslar olsun ki, onları izləyən izləyicilərdir.
Sosial şəbəkə platformasından istifadə etdiyimiz zaman qarşımızda müəyyən məqsəd qoymalıyıq. Sosial şəbəkəni şəxsi məqsədlə, yaxud da biznes məqsədilə istifadə edirik. Ən yaxşı halda maarifləndirici əməli təbliğ etmək məqsədilə istifadə edə bilərik. Ondan kənar dava, söyüş, qeyri-qanuni təbliğat aparmaq düzgün deyil. Onsuz da, bunu edənlər lazımi cəzanı alırlar" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə