"Zorakılığın qarşısını almaq üçün ictimai qınaq da olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər hansı formada zorakılıq qəbuledilməzdir". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.

O bildirib ki, Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi olaraq istənilən zorakılığı qətiyyətli şəkildə pisləyirik: "Bu, istər qadınlara qarşı olsun, istərsə də uşaqlara qarşı olsun, fərq etməz, cəmiyyədə baş verən bu zorakılıq halları birmənalı olaraq qəbuledilməzdir.

Qadınlara qarşı cinayətlərin artma səbəbi vətəndaşların zamanında Hüquq Mühafizə Orqanlarına, yaxud Yerli İcra Hakimiyyəti Orqanlarına müraciət etməmələrindən irəli gəlir. Hamı razılaşar ki, zorakılıq birdən-birə baş vermir. Ailədə müəyyən problemlər olur, bu problemlər fonunda getdikcə ailə münasibətləri dərinləşir və ağır fəsadlara çıxardır. Hətta bəzən qətllə nəticələnir. Ona görə də mütəmadi olaraq bununla bağlı maarifləndirmə tədbirləri həyata keçirən zaman bildiririk ki, vətəndaşlar məişət zorakılığına məruz qaldıqda ilk olaraq aidiyyəti qurumlara müraciət etməlidir.

Ölüm faktlarının daha çox mediada yayılması hər bir halda gələcəkdə baş verə biləcək hadisələrin sayının artmasına müəyyən mənada təsir edə bilər. Xüsusilə, həmin faktların təfərrüatlı şəkildə yayılması baş vermiş cinayətlər üzrə aparılan araşdırmaya da öz mənfi təsirlərini göstərir. Gələcəkdə zorakılığa meylli olan şəxslər də daha "effektiv" üsullardan istifadə edərək məsuliyyətdən yaxa qurtarmağa çalışıla bilərlər. O səbəbdən kütləvi informasiya vasitələrində bu cür məlumatların daha az yer alması daha yaxşı olardı.

Baş verən məişət zorakılığının qarşısının alınması üçün ilk olaraq maariflənmək lazımdır. Vətəndaşlar öz hüquqlarını bilməlidir. Hansı orqanlara müraciət edəcəklərini bilməlidirlər. Əgər fiziki zorakılıq varsa, bununla bağlı şəxslər yaşadıqları yer üzrə rayon polis idarələrinə müraciət edə bilərlər. Eyni zamanda əgər əməldə cinayət yoxdursa, müvafiq olaraq Yerli İcra Hakimiyyəti Orqanlarına müraciət edə bilərlər. Təkcə bununla iş bitmir. Həm də zorakılığın qarşısını almaq üçün ictimai qınaq da olmalıdır. İctimai qınaq olduqda zorakılıq törədən şəxslər gələcəkdə bu cür əməllərdən yayınacaqlar".

"Əgər şəxs təqib olunursa, həmin şəxs eyni zamanda həm Hüquq Mühafizə Orqanlarına, həm də Yerli İcra Hakimiyyəti Orqanlarına müraciət edə bilər. Yerli İcra Hakimiyyəti Orqanı dərhal qısa müddət ərzində, yəni 24 saat müddətində qısamüddətli mühafizə orderi verir. Qısamüddətli mühafizə orderi nədir? Zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin olunmasıdır. Onu təqib edən şəxs heç bir halda onun arxasınca düşə bilməz, narahatlıq yaradan hallar törədə bilməz. Uzunmüddətli mühafizə orderi özündə bir sıra meyarları ehtiva edir. Şəxsə təkcə müəyyən qadağalar qoymur, onun uşaqla ünsiyyət qaydalarını da müəyyən edir. Tərəf öz övladı olsa belə, onunla ünsiyyətdə olmaq üçün onunla ancaq məhkəmə müəyyən etdiyi hallarda ünsiyyətdə ola bilər. Bu qərarı icra etmədikdə, yenidən çirkin niyyətlərini həyata keçirdikdə o zaman cinayət məcəlləsinin 306-cı maddəsi ilə həmin şəxs məsuliyyətə cəlb olunur. Üç ilə qədər müddətdə azadlıqdan mərhum edilməklə cəzalandırılır. Qanunvericilikdə nəzərdə tutulub, sadəcə vətəndaşlar öz hüquqlarını bilərsə, bu zorakılıqdan müdafiə oluna bilərlər. Artıq kənar şəxslər olduqda, tanımadığı şəxs tərəfindən təqib olunursa, Hüquq Mühafizə Orqanları tərəfindən bu məsələyə hüquqi qiymət verilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə