Mədəkiçiltmə əməliyyatı təhlükəlidir? - SORĞU

Həddən artıq piylənmə yalnız insanın xarici görünüşünə deyil, həm də sağlamlığına zərər vurur. Bu kimi problemi yaşayanlar ən sonda bariatrik, yəni mədə kiçiltmə əməliyyatına müraciət edir. Son illər artıq çəkidən əziyyət çəkən insanlar xilas yolunu cərrahi müdaxilədə görürlər. Xüsusən də xanımlar zərif görünmək üçün mədəkiçiltmə əməliyyatına daha çox maraq göstərirlər. Dünyada, o cümlədən Azərbaycanda da bu üsul ilə artıq çəkiyə son qoyanlar az deyil. Lakin bu əməliyyatların fəsadları bəzən faciəli nəticələrə gətirib çıxarır. Hətta bəziləri bu əməliyyatı keçirən insanların sonradan xərçəng xəstəliyinə düçar olduğunu deyirlər. Bəs kimlər mədəkiçiltmə əməliyyatı elətdirə bilər? Bu əməliyyat təhlükəlidirmi? SİA olaraq şəhər sakinlərinin münasibətini öyrənmək üçün sorğu keçirdik.

Şəhər sakini Samir Xəlilov: "Elə anlar olur ki, mütləq bu əməliyyat lazımlıdır. Amma orqanizm normal işləyirsə, mənə elə gəlir ki, mədəkiçiltmə əməliyyatı lazım deyil. Psixi problemlər olarsa, ola bilsin ki, ehtiyac olar. Normal həkimə müraciət etmək və məsləhət almaq ən doğrusudur. Çünki bu əməliyyat çox ciddi və risklidir. Hərtərəfli yoxlamadan da keçmək lazımdır. Əgər ehtiyac varsa, o zaman mümkün olar. İdman və dieta bir az vaxt aparır, insan bir az tənbəlləşir. İşlə də əlaqədar olaraq vaxt azlığı yaşanır. Bəzən də elə xəstəlik olur ki, idman etmək olmur. İnsandan da asılıdır. Tam qərara gəldikdən sonra əməliyyata girmək olar. Bu qərarı da həkim verə bilər".

Şəhər sakini Yarəli Yarəliyev: "İnsan gərək özünə baxsın. Başqa heç nəyə ehtiyac yoxdur. Mədəkiçiltmə əməliyyatına münasibətim pisdir. İstənilən əməliyyat çətindir. Ən birinci, özünə qulluq etməlisən, fərqi yoxdur, arıqsan, ya da kök. Bəzən olur ki, arıq adam kökdən də çox xəstə olur. Əlbəttə ki, təbii yollara üstünlük vermək lazımdır".

Şəhər sakini Tamara Məmmədova: "Mədəkiçiltmə əməliyyatına çox pis münasibətim var. Gərək insan özünü qorusun, nə çox az yemək, nə də çox yemək olmaz. Mədəni qorumaq lazımdır. Amma əməliyyatla razı deyiləm. Bu əməliyyatla bağlı ölüm hallarının olduğunu, riskli olduğunu eşitmişəm. Allah nə veribsə, odur. Mən ümumiyyətlə, heç bir gözəllik əməliyyatına yaxşı baxmıram. İdman edə bilərlər, təmiz havada gəzə bilərlər. Süni yollardan istifadə edib əməliyyata girməyə ehtiyac yoxdur".

Şəhər sakini Cavanşir Vəliyev: "Mən həkim deyiləm. Mədəkiçiltmə əməliyyatı həmin adamın şəxsi işidir. Belə düşünürəm. Adam var ki, on dəfə evlənir. Onlara fikir bildirə bilmərəm. Adam da var ki, kökdür, əməliyyata girir. Elə adamlar var ki, səhərdən axşama kimi kabab yeyir, spirtli içki qəbul edir, tərbiyəsiz işlərlə məşğul olur. Onlara bunu etmə deməklə nəsə dəyişmir, onsuz da. Adam da var ki, mədəsini kiçildib, çəkisi azalıb, ona mədəsini niyə kiçiltdiyini soruşmaq olmaz. Əgər həkim olsam, ziyanı olduğunu deyərəm. Həkim olmadığım üçün bir söz deyə bilmərəm. Amma ümumi nöqteyi-nəzərdən hər bir insan özünün sahibidir. Allah bədəni verib, yaxşı saxlasan, gözəl olar".

Şəhər sakini Esmira Bayramova: "Mən mədəkiçiltmə əməliyyatına normal baxıram. Kim köklükdən əziyyət çəkirsə, ola bilər. Elə insanlar var ki, idmana meyilli deyillər, edə bilmirlər, damar genişlənməsi var, o zaman idman etmək olmur. Mən bu əməliyyatın riskli olması haqqında məlumat eşitməmişəm".

Şəhər sakini Əli Bayramov: "Bu əməliyyatı edənlərə normal yanaşıram. Kök insanlar bu yola mütləq əl atmalıdır. İmkan daxilində özlərini qorumaq üçün lazımdır. İdman da lazımdır. Yəni birinci növbədə idman edib, sonra əməliyyat etmək olar. Əgər özünü qorumasan, heç birinin xeyri yoxdur. Təbii yollarla arıqlamaq alınmırsa, həkim məsləti ilə mədəkiçiltmə əməliyyatına girmək olar. Burada pis heç nə görmürəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə