Azərbaycan və Qazaxıstan arxeoloqları əməkdaşlıq əlaqələri qurur

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin A.X.Marqulan adına Arxeologiya İnstitutu arasında arxeologiya sahəsi üzrə birgə tədqiqat və təhsil əməkdaşlığı haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və A.X.Marqulan adına Arxeologiya İnstitutunun baş direktoru Akan Onqarulı imzalayıblar. Bu barədə SİA-ya Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Qeyd olunub ki, memorandumda iki ölkənin tədqiqat institutlarının birgə arxeoloji ekspedisiyalarının yaradılması, artefakt və biofaktların müxtəlif istiqamətli analizlərinin aparılması, gənc mütəxəssislərin yetişdirilməsi üçün təcrübə mübadiləsinin təşkili nəzərdə tutulur. Tərəflər, həmçinin Cənubi Qafqazın, Mərkəzi və Orta Asiyanın arxeoloji problemlərini və aparılan tədqiqatlarını işıqlandıran elmi dərginin birgə nəşri barədə yekdil fikrə gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə