Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb

Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayış baş verib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən "Report"a bildirilib ki, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.

Məlumata görə, altı nəfər müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 qadına nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı qadın isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə