"ABŞ heç bir tənqidə dözməyən riyakar siyasəti reallaşdırır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılış mərasimində ABŞ başda olmaqla Qərb dövlətlərinin anti-Azərbaycan siyasətini görə çox kəskin tənqid etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, cənab Prezident konkret faktlar və arqumentlərə söykənərək bildirdi ki, Birləşmiş Ştatlar və onun yaxın tərəfdaşları qərəzli şəkildə Azərbaycana qarşı bu gün kordinasiya olunmuş təzyiq siyasətini həyata keçirirlər: "Bu siyasətin nəticəsi ondan ibarətdir ki, Ermənistanı çox ciddi şəkildə müharibəyə hazırlayırlar. Təsadüfi deyil ki, keçən il aprel ayının 5-də Brüsseldə əldə edilmiş Qərb ölkələrinin əldə etdiyi razılaşma əslində Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlanmaq cəhdindən başqa bir şey deyil. Ermənistana hər cür maliyyə və hərbi yardım göstərilir. Ermənistanla Amerika Birləşmiş Ştatları birgə hərbi təlimlər keçirirlər. Hərbi təlimlər başa çatdıqdan sonra oradan çıxarılmalı olan ABŞ silahlı qüvvələrinin konkret kontingentinin bir hissəsi çıxarılmır. Zəngəzur dəhlizində saxlanılır. Eyni zamanda Avropa İttifaqının mülki müşahidəsi adı altında xüsusi xidmət orqanları Ermənistan-Azərbaycan sərhədində məskunlaşıb. Onların sayı da intensiv şəkildə artırılır. Əslində bu, NATO missiyası kimi dəyərləndirilə bilər. Xüsusilə də, ABŞ Azərbaycanla bağlı heç bir tənqidə dözməyən riyakar siyasəti reallaşdırır.

Cənab Prezident bəyan etdi ki, Birləşmiş Ştatların Əfqanıstana qarşı müharibəsində onların Azərbaycana ehtiyacı var idi. Bu müharibədə biz Azərbaycan dövləti olaraq Əfqanıstanda missiyamızı həyata keçirdik. O zaman Birləşmiş Ştatlar ölkəmizə qarşı 907-ci maddənin fəaliyyətini dayandırdı. Hər il də bir il müddətinə o dayandırılırdı. Ancaq Əfqanıstandan qovulduqdan sonra yenidən görünür ki, Azərbaycana ehtiyacları yoxdur, indi bizimlə sanksiya danışırlar. 60 nəfər də konqresmen və senator dövlət katibi Blinkenə müraciət edir ki, Azərbaycana qarşı konkret sanksiyalar tətbiq edilsin. Bununla da ölkəmizdə keçiriləcək COP29 tədbirinə kölgə salmaq istəyirlər. Siyasi həyasızlığın pik nöqtəsinə çatıb Azərbaycanı ona görə həm də sanksiya altına salmaq istəyirlər ki, guya, ölkəmizdə erməni girovları var. Azərbaycanda hərbi canilər var, onlar da öz cəzalarını çəkirlər. Belə olan halda Azərbaycan Prezidenti bu reallıqlar fonunda qeyd etdi ki, amerikalı konqresmen və senatorların müraciəti dövlət departamentinə olsa belə, əslində biz mahiyyətini bilirik. Bu sifariş elə dövlət departamentindən gəlib. Müraciətin mətnini də onlar hazırlayıblar və bir-birlərinə məktub göndəriblər. Bu, riyakar siyasətdir".

Onun sözlərinə görə, Azərbaycan dövləti heç bir halda bu reallıqla barışmayacaq və adekvat addımlar atacaq: "Artıq belə bir addım atıldı. Azərbaycan Milli Məclisinin bir qrup deputatı adından Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova müraciət qəbul edildi. Müraciətdə ABŞ konqresi və dövlət departamentinin Azərbaycana qarşı ədalətliz ikili standartlar və riyakarlıqla yoğrulmuş siyasəti kəskin tənqid olunur. Eyni zamanda ABŞ-la imzalanmış müqavilələrə xitam verilməsi, bundan sonra Birləşmiş Ştatlarla hər hansı bu sahədə əməkdaşlığın davam etdirilməsi və mövcud layihələrimizə son qoyulması məsələsi orada öz əksini tapıb. Azərbaycan-ABŞ münasibətləri strateji xarakter kəsb edir. Fundamental məsələrdə bizim mövqeyimiz üst-üstə düşüb. Xüsusilə də, beynəlxalq terrorizmə qarşı mübarizə prosesində, Avropanın enerji təhlükəsizliyi məsələlərində Azərbaycan hər zaman ABŞ-ın mövqeyini dəstəkləyib. Amma təəssüf ki, bu gün ABŞ konqresi və dövlət departamentinin timsalında biz görürük ki, Azərbaycanın qazandığı tarixi zəfər öz ərazi bütövlüyü və suverenliyini tam və qəti şəkildə təmin etməsi adı çəkilən qüvvələrin və digərlərinin yuxularına haram qatıb. Onlar heç bir halda Bu reallıqla barışmaq istəmirlər. 30 il ərzində bizə sübut etməyə çalışırdılar ki, münaqişənin hərbi yolu yoxdur, amma biz hərbi yolla bu münaqişəyə son qoyduq. Zəfərimizi əldə etdik, beynəlxalq hüququn keşiyində dayandıq. Bu, onların planlarına daxil deyildi. Heç bir halda onlar bu reallığı qəbul etmək istəmirdilər. Bu səbəbdən də Azərbaycana qarşı təzyiq kompaniyasına başlayıblar. Cənab Prezidentin vurğuladığı kimi bu tikilən binalar, Qarabağın, Şərqi Zəngəzurun belə sürətlə bərpa edilməsi, bu ərazilərə keçmiş məcburi köçkünlərin geri qayıdışı Birləşmiş Ştatlarda, Fransada, bu kimi ölkələrdə matəm kimi qəbul edildi. Bu səbəbdən də Azərbaycana qarşı belə ədalətsiz qərarlar qəbul edilir, Azərbaycana qarşı təzyiq siyasətini həyata keçirirlər. Amma bunların heç bir nəticəsi olmayacaq. Çünki bizim işimiz haqq işidir. Münasibətlərin gərginləşməsində bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. Birləşmiş Ştatların, eyni zamanda Fransanın, onların yanında digər ölkələrin anti-Azərbaycan siyasəti bumeranq effekti yaradacaq. Regionda onların maraqlarının çox böyük sual altına düşməsinə səbəb də məhz özləri olacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə