Azərbaycan millisinin dünya çempionatındakı rəqiblərinin dəyişməsinin səbəbi müəyyənləşib

Azərbaycanın minifutbol üzrə U-23 millisinin dünya çempionatının qrup mərhələsində qarşılaşmalı olduğu rəqiblərin dəyişməsinin səbəbi müəyyənləşib. Bu barədə SİA-ya Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi Sərxan Abışov məlumat verib.

Onun sözlərinə görə, bəzi ölkələrdə viza və səfərlə bağlı problemlər yaranıb:

"Müəyyən dəyişikliklər oldu. Misir və İraq təmsilçiləri hava yollarının bağlı olması səbəbindən mundiala qatıla bilmədilər. Mavritaniya komandasının isə viza problemi yarandı. Nəticədə təşkilatçılar püşkatma keçirdilər və komandalar yenidən qruplara bölündülər".

Qeyd edək ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu Azərbaycanın U-23 millisi əvvəlcə Kolumbiya, Slovakiya və İraqla birlikdə B qrupunda yer almışdı. Dəyişikliklərdən sonra komanda eyni qrupda Serbiya, Hindistan və Çexiyanın 23 yaşadək futbolçulardan ibarət kollektivləri ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə