Xankəndidə uzun illərdən sonra ilk toy -YENİLƏNİB

Xankəndi şəhərində uzun illərdən sonra ilk dəfə toy mərasimi təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

Gəlinlə bəy “Qarabağ şikəstəsi” sədası altında şadlıq sarayına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi anılıb.

Çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər.

Valideynlər bu xoş gündə sevinc hisslərini bölüşüblər. Bəyin atası Kərim Kərimli deyib: “Şuşa da, Xankəndi də bizim üçün əzizdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin igidliyi, qazilərimizin rəşadəti, Azərbaycan xalqının birliyi sayəsində Xankəndini işğaldan azad etdik. Xankəndinin son 35 illik tarixində ilk dəfə olaraq toy edirik. Azərbaycan xalqına həmişə toy-bayram arzulayıram”.

Bəyin anası Vəsilə Kərimli də xoş arzularını dilə gətirib: "Allah hamıya belə toy nəsib eləsin. Şükür bu günümüzə. Şükür ki, Qarabağımızda, Xankəndidə belə gözəl toy məclisi qurulub”.

Toyu olan Fərhad Kərimli şad gününün Xankəndidə keçirildiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib: “Mən əslən Şuşadanam. Ailəmiz may ayında doğma şəhərimiz Şuşaya köçüb. Arzu edirdim ki, toyum işğaldan azad edilmiş torpaqlarda olsun. Bu gün bu arzum gerçəkləşib. Qarabağı azad edən Azərbaycan ordusuna təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

17:07

Xankəndidə uzun illərdən sonra ilk toy məclisi qurulur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi Xankəndidəki restoranlardan birində keçiriləcək. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

Bəy, gəlin, onların ailə üzvləri və qohumları Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, sonra Cıdır düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana yollanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə