Nəriman Nərimanov adına Neft-qaz çıxarma idarəsi 5-ci dərəcəli neft-qaz çıxarma operatoru Nofəl Məmmədovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Sizə necə müraciət edək? Neftçi, yoxsa dənizçi?
- Düşünürəm ki, neftçi olaraq müraciət etsəniz daha doğru olar.
- Neçə ildir bu sahədə çalışırsınız? Özünüz haqqında məlumat verə bilərsiniz?
- 1984-cü ildə Bərdə rayonu Məmmədli kəndində doğulmuşam. 2006-cı ildən Nəriman Nərimanov adına Neft və Qaz idarəsinin 2 saylı Neft və Qaz çıxarma sahəsində fəaliyyətimə başlamışam və hələ də bu sahədə çalışıram. Sualınıza daha konkret cavab versəm, 18 ildir bu sahədəyəm.
- Dənizdə çalışmaq asan, yoxsa çətindir?
- Düşünürəm ki, bu çox çətin və məsuliyyətli bir peşədir. Amma hər şeyə rəğmən dəniz bizim ikinci evimizdir.
- Heç olubmu ki, gəmi dənizdə olarkən hər hansı problem yaşansın?
- Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, biz dənizdə olarkən hələ heç bir problem yaşanmayıb.
- Bəs, problem yaşansa ilk olaraq hansı müdaxilələr edilməlidir?
- İnsanlar xəsarət alan zaman ilk tibbi yardım göstərməyi bacarmaq lazımdır. Yanğın zamanı da yanğınsöndürən vasitələri istifadə etmək mütləqdir.
- Küləkli havalarda dənizlə necə mübarizə aparırsınız?
- Külək başlamazdan əvvəl bizə rəhbərlik tərəfindən lazımi məlumat verilir və qabaqlayıcı tədbirlər görülür. Həmçinin, təhlükəli olacaq işlərin görülməsi dayandırılır. Küləkli hava işə gələnlərə və işdən evinə yollananlara problem yaradır.
- Bayramları da dənizdə qeyd edirsiniz?
- İşim növbə rejimi ilədir. Bu səbəbdən bəzi bayramları dənizdə qeyd edirik.
- Nə vaxtsa bu sahədən öz istəyinizlə getmək istəyərsiniz?
- Növbəli iş rejimində çalışmaq çox çətindir. Bayaq dediyim kimi, 18 ildir dənizdə çalışıram. Bu işə ilk başlayanda 22 yaşım var idi. İndi isə 40 yaşındayam. Ömrümün yarısını dənizdə keçirmişəm və bura çox alışmışam. Düşünürəm ki, mənim üçün dənizdən ayrılmaq çox çətin olardı.
- İşçi qrupunuz haqqında nə söyləyə bilərsiniz? Uzun müddət bir-birinizlə zaman keçirirsiniz. Bu sizi doğmalaşdırıbmı?
- İş yoldaşlarımla çox yaxşı münasibətimiz var. Burada birlikdə bol zaman keçiririk. Doğmalaşmışıq və sanki bir ailə kimiyik. Dənizdə çalışanlar məni bu barədə çox yaxşı anlayar.
İş yerindəki personal ünsiyyətinin səmimiliyi işin icrasına birbaşa və müsbət təsir göstərir. Səmimi və açıq ünsiyyət mühiti işçilər arasında etimadı və əməkdaşlığı gücləndirir, nəticədə komanda daxilində daha yaxşı koordinasiya və səmərəlilik yaranır.
- Övladınızın sizin peşənizi davam etdirməsini istəyərdiniz?
- İki oğlum var. Biri tamam başqa sahəni seçib, digər isə dördüncü sinifdə oxuyur. Onlar bu peşəni seçsələr etiraz etmərəm.
Uşaqların seçim edərkən özlərini tanımaları çox vacibdir. Bununla belə, qabiliyyətlər, bacarıqlar, maraqlar, dəyərlər və şəxsiyyət xüsusiyyətləri zamanla dəyişə bilər. Karyera planlaşdırma prosesləri tələbələrin mövcud xüsusiyyətlərinə əsaslanaraq, gələcəkdə potensial dəyişikliklərə açıq olmaqla çevik və daim yenilənməlidir.
Gənclər gələcək planları ilə bağlı valideynləri ilə apardıqları söhbətlərdən çox təsirlənir və onların karyera seçimlərində valideyn təsiri mühüm rol oynayır.
- Son olaraq gənclərə hansı tövsiyələriniz var?
- Yeniyetməlik dövrünə qədəm qoymaq çox mürəkkəb bir prosesdir. Eyni zamanda, dost mühiti ilə ayaqlaşa bilmək, ailə ilə münasibətləri müəyyənləşdirmək, tələbləri yerinə yetirmək, akademik mühit və həyatla əlaqəli dəyərlər haqqında düşünmək lazımdır. Hər biri ayrı zəhmət tələb edən bu sahələrə diqqət yetirməli olan gəncləri gözləyən başqa bir məsələ isə gələcəkdə nə etmək istədiklərinə qərar verməkdir.
Gənclərdən ən qısa zamanda gələcəkləri ilə bağlı qərarlar vermələri tələb olunur. Gələcək qorxusu həm gənclərə, həm də onları əhatə edən böyüklərə aiddir. Gələcəyi formalaşdırmaq demək olar ki, bir yarışdır. Atılacaq o qədər addımlar, planlaşdırılacaq o qədər məsələlər var ki...
Gənclərə tövsiyəm odur ki, hansı peşəni seçmələrindən asılı olmayaraq həmin peşəyə dərindən yiyələnsinlər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə