Mülki işdə ödənişsiz vəkillə təmin oluna bilərik? - VƏKİL AÇIQLADI

"Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Turan Abdullazadə sözlərinə belə davam edib: "Həmin Məcəllənin 67-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir.

Məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:

1) orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
2) insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
3) valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
4) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
5) müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
6) maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

Bu maddədə nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə