“Hansı ailədən danışırsız?”

Hər dəfə bir qadın öldürülür. Hər dəfə eyni bəhanə: “Əri döyürdü, amma uşaqları var idi, ailə dağılmasın deyə barışdırdıq”

Soruşmaq lazımdı: hansı ailədən danışırsız siz?

Hər gün söyülən, alçaldılan, döyülən bir qadının yaşadığı o ev ailə deyil — zülm məkanıdır.

O evdə qorxu var, amma sevgi yoxdur. İtaət var, amma hörmət yoxdur. Bu qadınlar illərlə dözdülər, səssiz qaldılar, cəmiyyətin “ailə müqəddəsdir” deyib onları susdurmasına baxmayaraq yaşadılar. Amma heç kim anlamadı ki, qadın dözmür – ayaqda qalır.

O, qorxmur – sadəcə mübarizə aparır. Çünki o bilir: bir gün bu susqunluq bitəcək və səsini heç kim kəsə bilməyəcək.

Kişilər isə bunu başa düşmür.

Onlar elə bilirlər ki, qadın döyülürsə, səsini çıxarmırsa, deməli, zəifdir.

Yox, o qadın zəif deyil – səssizliyində belə güclüdür.

Çünki o, uşağını qorumağa çalışır, ailəsini xilas etməyə ümid edir.

Amma siz, kişilər, bu səssizliyi qorxaqlıq sandınız və o gücü alçaltmağa cəhd etdiniz.

Kişilik qadına hökm etmək deyil, yanında dayanmaqdır.

Amma çoxunuz sevginin yerinə qorxunu, hörmətin yerinə itaəti seçdiniz.

Və qadın sükutu pozanda, “artıq dözməyəcəm” deyəndə – qorxdunuz.

Çünki onun gücü, sizin “kişiliyinizin” maskasını cırıb atdı.

Qadın bir dəfə evdən gedəndə, bir dəfə susmamağı seçəndə, artıq azad olur.

Siz “ailə dağılmasın” deyirsiniz – amma o qadın çoxdan dağılan bir ailənin içində idi.

O, indi yenidən qurur – öz həyatını, öz dəyərlərini, öz kimliyini.

Əslində qorxan sizsiniz, kişilər.

Qadının daha dözməməsindən, artıq barışmamasından, sizi bağışlamamasından qorxursunuz.

Çünki o zaman aydın olur: kim kişidir, kim sadəcə cinsiyyət daşıyıcısı.

Qadın döyüləndə susan hər kəs – bu cinayətin ortaq günahkarıdır.

Amma unutmayın: bu qadınlar bir-birinin səsini eşitməyə başlayıb.

Onlar artıq qorxmurlar.

Onlar artıq “barışdırılmır”, onlar ayağa qalxır.

Ailə zorakılığın yaşandığı yer deyil.

Ailə sevginin, bərabərliyin, dəyərin olduğu yerdir.

Və o qadınlar artıq anlayıblar ki, ailəni qorumaq üçün deyil, özlərini qorumaq üçün yaşamalıdırlar.

Ona görə bir daha soruşuram:

Hansı ailədən danışırsız siz? Və hansı kişilikdən?

Çünki bu qadınlar artıq qorxmurlar — siz qorxursunuz.

İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə