"Zəfər paradı dünya tərəfindən izlənilib" - ŞƏRH EDİLDİ

"Şübhəsiz ki, Zəfərimizin 5 illiyi təntənəli şəkildə qeyd olundu. Azərbaycanın bu 5-ci yubiley paradı bütün dünyada böyük maraqla izlənildi. Paradın diqqət mərkəzində olan əsas şəxs isə şübhəsiz ki, Azərbaycanın Prezidenti cənab İlham Əliyev idi". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif kimi nüfuzlu qonaqların, eləcə də digər ölkələrdən gələn nümayəndə heyətlərinin iştirakı bu tədbirdə xüsusi diqqət çəkdi: "Cənab Prezidentin çıxışına nəzər yetirdikdə Azərbaycanın xarici siyasət kursunun konturları aydın şəkildə görünürdü. O, ölkəmizin artan gücünün regionda bir sıra məsələlərin mahiyyətini dəyişdirdiyini vurğuladı. Tarixi Qarabağ Zəfərinin Cənubi Qafqazda sülhün bərqərar olmasında mühüm rol oynadığını qeyd etdi.

Eyni zamanda o, Azərbaycanın bu qələbədən sonra da sülh tərəfdarı olduğunu və konstruktiv mövqe sərgilədiyini xüsusi olaraq diqqətə çatdırdı. Türkiyə və Pakistan liderlərinin iştirak etməsi, həmçinin onların cənab Prezident haqqında səsləndirdiyi fikirlər İlham Əliyevin artan beynəlxalq nüfuzunun bariz göstəricisidir.

Cənab Prezident həm regional, həm də beynəlxalq məsələlərlə bağlı sərrast və qətiyyətli mesajlar verdi. Bu çıxışlar göstərir ki, Azərbaycan artıq Qarabağ Zəfərindən sonrakı mərhələdə yeni bir dövrə qədəm qoyub. Azərbaycan təkcə öz torpaqlarını azad etməklə kifayətlənməyib, həm də regionda və dünyada gedən proseslərə fəal şəkildə qoşulan nüfuzlu bir ölkəyə çevrilib".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə