"Xoş səslənməyən, normal qəbul edilməyən adlar etnoqrafik məsələlərdən xəbər verir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Yaşayış məntəqələrinin, kəndlərin, qəsəbə, şəhərlərin adlarının dəyişdirilməsi ilk əvvəl tarixi aspektdən nəzərdən keçirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, ola bilsin ki, ilk baxışda xoş səslənməyən, normal qəbul edilməyən, anlaşılmayan, yaxud da, gülüş doğura biləcək yaşayış məntəqələrinin adları hansısa bir tarixdən, keçmişdən, dövrdən, etnik qrupdan, hər hansı etnoqrafik məsələlərdən xəbər verir: "Ona görə də səthi yanaşmaq olmaz.

Azərbaycanda elə kənd adları var ki, bugünkü zamanla düz gəlmir. Nəticədə, bu da istər-istəməz həmin adları eşidən bir çoxlarının üzündə təbəssüm doğurur. Xalqın tarixini özündə yaşadan bir çox məqamlar vardır. Arxivlər, muzeylər, canlı abidələr, məscidlər, pirlər kimi, yer adları, hətta insan adları tarixin güzgüsüdür. Yer-yurd adlarından söhbət düşəndə ermənilərdən xilas edilən rayon, kəndlərimizlə yanaşı, digər kəndlərimizə də nəzər salınmalıdır. Çünki bu adlar tariximizin güzgüsüdür. Kəndlər öz adları ilə gələcək nəsillərin istinad yerləridir. Bir sıra yer adlarının dəyişdirilməsi, dilimizə uyğunlaşdırılması istiqamətində konkret addımlar da atılıb, müvafiq qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul olunub. Ancaq problemlər hələ də qalmaqdadır.

Düşünürəm ki, əgər ad, həqiqətən də, tarixi bir baxımdan heç bir böyük əhəmiyyət daşımırsa, daha sonralar bu ad ortaya çıxıb və səsləndiyi zaman, ətrafda insanlar tərəfindən xoş qarşılanmırsa, o zaman həmin yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənə bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə