Hansı hallarda cinayət işinin başlanması qanunsuzdur? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində bəraətin əsasları göstərilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır: "Aşağıdakı hallarda bəraət hökmü çıxarılır:
1) cinayət hadisəsi olmadıqda;
2) əməldə cinayət tərkibi olmadıqda;
3) cinayətin törədilməsinə aidiyyəti olmadıqda;
4) təqsirliliyi sübuta yetirilmədikdə.

42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır:
Yəni baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda, şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə, şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Yəni belə hallarda cinayət işinin başlanılması qanunsuz hesab olunur".

Onun sözlərinə görə, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir: "Təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində CPM-nin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə