Bu il havanın bir qədər gec isinməsindən şikayətlənənlər, indi də istidən gileylənir. İsti havada ictimai nəqliyyatda, xüsusilə avtobuslarda yol getmək adamın ürəyini sıxır. İritutumlu avtobusların pəncərələri yuxarıda yerləşdiyindən içəri normal şəkildə sərinləşmir. İsti havada, pik saatda, əhalinin çoxluğundan nəfəs almaq da çətinləşir. Sərnişinlərin havalandırma və ya kondisioneri yandırma tələbi isə cavabsız qalır. Ya da "nasazdır, işləmir" deyilir. SİA məsələ ilə bağlı araşdırma aparıb.
Sərnişinlər bildiriblər ki, təzə avtobusların sürücüləri kondisionerləri işə salmağa icazə verilmədiyini deyirlər.
Köhnə avtobusların dərdi isə çəkiləsi deyil. İstidən artıq sürücülər də dilə gəliblər.
Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu məsələ hər il gündəmə gəlir: "Demək olar ki, hər yay vətəndaşların ictimai nəqliyyatda kondisionerlərin işləməməsi ilə bağlı narazılıqları olur. Yanacaqla işləyən nəqliyyat vasitələri kondisioner işləyən zaman müəyyən sərfiyyat xərcləyir. Həmin nəqliyyatı idarə edən şəxs də belə qənaətə gəlir ki, kondisioner işləsə, daha çox yanacaq sərf olunacaq və bu da daha çox maliyyə itkisinə səbəb olacaq. Bu nöqteyi-nəzərdən avtobus sürücüləri üçün rəhbərlik qarşısında müəyyən narahatedici məqam yarana bilər. İctimai nəqliyyat vasitələrində kondisionerin işləməməsinin əsas səbəbi budur, başqa hər hansı bir predmentin olduğunu düşünmürəm".
Ekspertin də dediyi kimi, bu hal hər yay təkrarlanır. Hazırda da vəziyyət belədir; sərnişinlər avtobuslarda istidən və havasızlıqdan əziyyət çəkir, yaşlı insanların halı pisləşir. Avtobusların bəzilərində pəncərələr açılmır, günəşdən qorunmaq üçün pərdələrə belə rast gəlinmir. Üstəlik, avtobuslarda tez-tez sərnişin sıxlığı yaranır və basabasdan insanların əsəbləri bir az da tarıma çəkilir. Sürücülər isə buna əhəmiyyət belə vermir, sərnişinlər barədə düşünmürlər. Nəticədə Bakıda ictimai nəqliyyatda getmək bir işgəncəyə çevrilib. Əksər sürücülər bəzən vəziyyətdən çıxmaq üçün qanunsuz da olsa, avtobusun qapılarını açıq saxlayırlar. Bu da sərnişinlərin həyatı üçün böyük təhlükə yaradır.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində, şəhərdaxili marşrutlarda kondisionerli avtobuslardan istifadə olunur. Hətta bəzi ölkələrdə əhalinin rahatlığı üçün kondisionerli dayanacaqlara da rast gəlinir. Azərbaycanda isə mənzərə hər gün qarşılaşdığımız kimidir...
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB