Ad dəyişdirilməsinə neçə yaşdan sonra icazə var? - HÜQUQŞÜNAS AÇIQLADI

Ad dəyişdirilməsinə neçə yaşdan sonra icazə var? - HÜQUQŞÜNAS AÇIQLADI

"Azərbaycan Respublikası vətəndaşının ad, ata adı və soyadının dəyişdirilməsi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir: "Lаkin Yеrli İcrа Hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə bu məsələ digər valideynin rəyi nəzərə alınmaqla və uşağın maraqlarından asılı olaraq həll edilir. Lаkin digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.

Ad, ata adı və soyad dəyişdirildikdən sonra şəxsin digər sənədləri də dəyişdirilməlidir. Bununla bağlı qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ad, ata adı və soyad dəyişdirildikdən sonra şəxsiyyət vəsiqəsinin və digər sənədlərin dəyişdirilməsinin zəruriliyini ərizə verən şəxsə izah edir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödənilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə