Ana qızı ilə rəfiqə olmalıdır? - AYDINLIQ GƏTİRİLDİ

“Ailənin bəzəyi, xoşbəxtlik və sevinc qaynağı olan uşaqlar ata-anaya Allahın əmanətidir. Valideyn uşağının tərbiyəsinə görə həm Allaha, həm cəmiyyətə, həm də uşağa qarşı məsuliyyət daşıyır. Övladına qarşı öhdəliklərini yerinə yetirərkən də həm özünə, həm övladına, həm də cəmiyyətə gözəl töhfələr vermiş olur. Övladını uşaqlıqdan ailəsinə, xalqına, vətəninə sədaqətli, vətənpərvər ruhda böyüdüb faydalı şəxs kimi cəmiyyətə hazırlamaq ata-ananın çiyninə düşən vəzifədir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Psixoloq sözlərinə belə davam edib: “​Övlad - hər bir valideyn üçün Allahın əta etdiyi nemətdir, istər qız olsun, istərsə də oğlan övladı. Ancaq dinimiz qız övladlarının tərbiyəsi ilə bağlı xüsusi tövsiyələr verir və onlara qarşı daha həssas olmağı göstəriş verir. Hətta hədislərdə də, bizə tövsiyə edilir ki, qız övladlarının tərbiyəsinə xüsusi diqqət göstərək. Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala qız uşaqlarına qarşı oğlanlardan daha mehribandır".

​Qeyd edək ki, ən güclü şəxsiyyətlərarası emosional bağ ana ilə qız arasındakı bağdır. Bu bağ hələ ana bətnində ikən formalaşmağa başlayır və sonsuz bir bağlılıqla davam edir. Qız anasının bir çox xasiyyət xüsusiyyətlərini - xromosomlarla miras alır.

​Təəssüf hissi ilə bildirirəm ki, bir çox ailələrdə ana və qız arasında münasibətlər düzgün qurulmur. Mənim fikrimcə, bunun ən əsas səbəblərindən biri hər iki tərəfin bir-birinin mövqeyini düzgün başa düşməməsidir.
Belə ailələrdə ana düşünür ki, onun çox böyuk həyat təcrübəsi vardır və qızına nə lazım olduğunu o, daha yaxşı bilir. Qız isə kifayət qədər böyüdüyünü və necə hərəkət edəcəyini hamıdan yaxşı bildiyini düşünür.
​Əgər ana qızının hər atdığı addımı onunla məsləhətləşmək məcburiyyətində olmadığını başa düşərsə, qız da ananın narahatçılıq keçirdiyini və onun üçün hər şeyin ən yaxşısını istədiyini anlayarsa,
bu zaman ailədə ana ilə qız arasında qarşılıqlı anlaşmanın olduğunu iddia etmək mümkündür. Çalışmaq lazımdır ki, hər bir ailədə ana və qız övladı arasında münasibətlərin bu cür qurulması təmin edilsin.

​ Ana və qız arasındakı qarşıdurmalar, əsasən, yeniyetməlik yaş dövründə daha çox müşahidə olunur. Ancaq münasibətin sağlam irəliləyə bilməsi üçün anaların unutmamalı olduğu müəyyən məsələlər var:
​- İlk növbədə ana uşağına şərtsiz sevgi göstərməlidir. Uşağınız səhv etdiyində belə sevildiyini hiss etməlidir.
​- Siz övladınıza doğru örnək olmalısınız.
​- Uşağınızı eşitməli, onun özünü tapmağa çalışan və fərqli düşüncələri olan ayrı bir fərd olduğunu unutmamalısınız.
​- Daima ona inanmalı və güvənməlisiniz.
​- Hədsiz müdaxilələrdən çəkinməli, amma uşağınızın hər yaşda dəstəyə ehtiyacı olduğunu unutmamalısınız.
​- Hədsiz nəzarətçi və günahlandırıcı rəftardan uzaq durmalısınız.
​Ana ilə qız ən yaxşı dost və rəfiqə ola bilər. Bunun üçün çoxlu vaxt və səy lazımdır ki, hər ikisinin arasında səmimi münasibət yaransın. Qızınızla hər gün söhbət edin. Qızla ana arasında ən yaxşı rabitə - azad və səmimi olan rabitədir. Ona görə də gün ərzində müəyyən zamanınızı ona qulaq asmaq üçün ayırın.

​Qızınızı daha az tənqid edin. Bəzi analar belə düşünür ki, xırdalıqlara gedərək, qızlarını istədikləri kimi tərbiyə edə bilərlər. Həddən artıq tənqid uşağın özünə etimad hissini zəiflədir. Bu zaman qız övladınız gələcəkdə çata biləcəyi arzularına olan ümidini əldən verər. Bu da ana ilə qız arasında qəzəb və əsəbiliyə səbəb olar.

​Ona öz sevginizi hiss etdirin. Qız uşaqları adətən həmişə sevgiyə ehtiyac duyarlar. Qızınızı çoxlu sığallayın, doya-doya qucaqlayın və onu nə qədər sevdiyinizi deyin. Bu zaman onda sizə qarşı gözəl hisslər yaranacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə