"İndi toylar biznes sahəsinə çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ

"İndi toylar biznes sahəsinə çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Toy adətlərimiz xeyli dəyişib". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, belə dəyişib: "Əvvəlki toylarımız daha məbtiqi, lazımlı idi, çünki toyun özünün bir fəlsəfəsi var. Toy iki gəncin ailə qurmağının qeyd olunmasıdır. Həmin gün nə qədər ürəkaçan, təntənəli, şən keçirsə, o qədər həmin gəncin ürəyində qalır, ətrafdakı insanlar şənlik edir. Əvvəllər toylarımızın modeli belə idi ki, toy başlayırdı, bəy bir tərəfdə dostları ilə, gəlin başqa evdə rəfiqələri ilə romantik, nağılvari dünyada olurdu, digər tərəfdə də toy başlayırdı.

Mən uşaq olanda toylar Azərbaycanın hər yerində, o cümlədən, Naxçıvanda üç gün çəkirdi. 50-ci illərin axırları idi, 2-ci dünya müharibəsindən bir az keçmişdi, insanların ürəkləri qüssəli idi, toy edən gənclər də az idi. Bir çoxları müharibədə ölmüşdü, ona görə də kənddəki gənclərin də sayı az idi. Onun üçün toylar kəndlərdə xüsusi coşqu yaradırdı. Üç gün üç gecə - cümə, şənbə və bazar günləri olurdu. Bu üç gündə kənddəki böyük, kiçik hamı toya yığışırdı. Elektrik işıqları da təzə çəkilmişdi, ətraf-aləm işıqlı olurdu. Toy da qızışırdı. Hamı özünə borc bilirdi ki, toya şənlik versin. İndiki kimi yox, az miqdarda şabaş verirdilər. Əgər rəqs edənin əlinə 10 manat pul verirdilərsə, 1 manat musiqiçilərə çıxırdı, qalanını geri götürürdü. O toylarda rəqs, güləş, yallı da olurdu. Sonda gəlin gələndə ona qızıl da gətirib verirdilər. Gəlin qapının ağzında dayanırdı, kim hədiyyə verəcəkdisə, elan edirdilər. Məsələn, deyirdilər ki, əmisindən bir inək, hamı qışqırırdı ki, Allah uşaqlarına da qismət eləsin.

Gəlinin belinə qırmızı lent bağlamaq o deməkdir ki, gəlin bakirə qızdır. Bəzən də gəlinin belinə qızıl taxmaq qohumların niyyəti idi ki, qoy gəlinin ailəsi gələcəkdə zəngin olsun. Belinə qızıl taxmaq, cibinə qızıl qoymaq arzu, niyyət kimi idi. Bunların hamısının arxasında bir fəlsəfə var idi. Nağıllar aləmindəki kimi gəlinlə bəyin ilk günü xoş ovqat içində keçirdi.

İndi toy başlamamış tamada ortaya düşür, saat 6-da bəylə gəlini çağırır ki, rəqs etsinlər. Saat 6-dan 12-yə kimi rəqs etmək onları fiziki cəhətdən çox yorur. Bəzən də hansısa biri bəylə gəlinə spirtli içki içirir. Tibbi nöqteyi nəzərdən dünyaya gələn uşaqda fəsad olur. Bəzən eşidirik ki, bəylə gəlin səhərə kimi yatıb qalırlar. Hansı toya getsəniz baxın, yaşlı insanlar eşiyə çıxır, çay içirlər. Çünki onların beyni içəridəki səsə dözmür".

"İndi toy biznes sahəsinə çevrilib. Əvvəllər kəndlərdə 7-8 toya gedirdinsə də, pul da atmırdın, rəqs edib gəlirdin. Hədiyyəni verənlər də bəylə gəlinin yaxın adamları idi. Kənd camaatı isə toyu şənləndirirdilər. İndi isə bir adamı bir ayda 4 toya çağırıblarsa, o adamın evində xeyli problem yaranacaq. Tək getsə, ən azı 100 manat, həyat yoldaşı ilə 200 manat verməlidir. Əgər həyat yoldaşı ilə getsə, gözəllik salonundan keçməsi ilə bərabər 250 manata başa gələcək. İndi verilən əmək haqqı ilə bir adam 4 toya gedə bilmir. Pulu tapa bilmir, kriminal işlərlə məşğul olur ki, toya getsin. Biz hökmən indiki cəmiyyətin tələblərinə və toyun fəlsəfəsinə uyğun olaraq yeni toy modelləri düşünməliyik.

Əgər toy sahibinin qonaqları uzaqdan gəlirdisə, toyu gündüzə salırdılar ki, axşama camaat qayıdıb gedə bilsin. Kənardan çox qonaq gözlənilmirdisə, toy axşamüstü salınırdı" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə