Bir evə neçə nəfər qeydiyyata düşə bilər? - VƏKİL DANIŞDI

"Qeydiyyata düşmək məsələsi qanunvericilikdə tənzimlənmir desək, daha doğru olar. Çünki ev sahibinin öz mülkünə neçə nəfəri qeydiyyata sala bilməsi barədə bir norma yoxdur". Bu sözləri SİA-ya açıqlamasında "İnformasiyalı Cəmiyyət Uğrunda İctimai Birliyi"nin sədri, vəkil Mehman Muradlı deyib.

Hüquqşünas bildirib ki, vətəndaş kirayə və ya başqa formada yaşadığı ünvanda 1 ay ərzində qeydiyyata düşməlidir: "Bu, müvəqqəti qeydiyyat sayılır. Əgər bu müddət ərzində qeydiyyata düşməsə, həmin şəxsə 30 manat məbləğində cərimə tətbiq olunur. Lakin bir evə qeydiyyata düşənlərin sayında heç bir məhdudiyyət yoxdur. SSRİ dövründə belə bir məhdudiyyət var idi. Yəni, bir nəfərə 6 kv/metr nəzərdə tutulurdu. Tutaq ki, sırf yaşayış üçün 60 kv/metrlik bir ərazisi olan mənzilə maksimum 10 nəfər qeydiyyata düşə bilərdi. Sonradan bu məcəllə ləğv olundu".

Qeydiyyata salma prosesini pul müqabilində həyata keçirmək məsələsinə gəldikdə isə hüquqşünas bildirib ki, burada qanunsuz heç nə yoxdur: "Pul qarşılığında bunu icra etmək qanunvericilik pozuntusuna səbəb olmur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə