Vətəndaşlara əmlakların zəlzələyə davamlılığı ilə bağlı sənəd verilir? - EKSPERT AÇIQLADI

"Azərbaycanda vətəndaşlara satılan daşınmaz əmlakların zəlzələyə davamlılığı ilə bağlı hər hansı bir sənəd verilmir. Yeni tikili binalar inşa olunan zaman onun zəlzələyə davamlılığı aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Lakin köhnədən tikilən binalarda isə bu belə deyil". Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, köhnədən tikilmiş binların böyük əksəriyyəti istismar müddətini bitirdiyinə görə, artıq onların zəlzələyə davamlılığı ilə bağlı rəyin bildirilməsi yalnız aidiyyəti qurumlar tərəfindən yoxlamalar aparıldıqdan sonra bilinə bilər: "Məhz fərdi yaşayış evlərində də vəziyyət belədir. Vətəndaş özü üçün fərdi həyət evi tikdirirsə, tikintinin möhkəmliyini nəzərə alırlar, amma zəlzələyə davamlı olmasını bilə bilməzlər. Bunu yalnız mütəxəssislər yoxlayıb sonra məlumat verə bilərlər".

"Biz gördük ki, Türkiyədə satılan binaların zəlzələyə davamlı olması barədə öncədən reklamlar gedib. Amma zəlzələdən sonra bunun reklam xarakteri daşıdığı bəlli oldu.

Zəlzələyə davamlılıqla bağlı məlumatlar reklam xarakterli deyil, birbaşa rəsmi qurumlar tərəfindən verilməlidir ki, vətəndaşlarda əminlik yaransın və bütün qorxu hissi silinsin",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə