Cəmiyyətdə sosial problemlər nədən yaranır? - DİQQƏT! - SOSİOLOQ AÇIQLADI

Əsas sosial problemlər nədir? Cəmiyyətdə insanları narahat edən bir sıra sosial problemlər var. Bəs bu sosial problemləri yaradan səbəblər hansılardır?

"Təhsil düzgün qurularaq, özünətəsdiq və gələcəyəinam məsələsinə diqqət yönəlməlidir. Bunlara diqqət yetirildikdə sosial problemlər yaranmayacaq. Hansı cəmiyyətdəki mənəvi dəyərlərə üstünlük verilir, həmin cəmiyyət özünü ahəngdar olaraq tənzimləyir. Hansı cəmiyyətdəki mənəvi dəyərlər arxa plana keçir, orada qarşıdurma yaranır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Ə.Qəşəmoğlu sosial problemlərin səbəbini iki mühüm məsələdə görür: "Bütün dünyada ən böyük sosial problem insanların özü-özünü təsdiq edə bilməməsidir. İki mühüm məsələyə diqqət yetirməliyik: 1) İnsan həyata gəlibsə, özü-özünü təsdiq etsin. Buraya iş bacarığı, qabiliyyəti kəşf etmək daxildir. 2) Gələcəkdən qorxmasın.
Bizdə ən böyük sosial problemlərdən biri, mənim fikrimcə, insanlarda özünəinam hissi, özünütəsdiq etmək kimi problemlərdir.
Bu suala kimsə "işsizlik", "yoxsulluq" kimi cavablar verə bilər. Elə "işsizlik", "yoxsulluqda" bu problemlərdən yaranır. Yer üzərində elə bil vəziyyət yaranıb ki, insanlar öz potensialından istifadə etmir. Hər insanın özünəməxsus müəyyən potensialı var, amma bundan istifadə edilmir.

Sosioloq bu kimi problemlərin Azərbaycanı da bürüdüyünü bildirib: "Bu problemlər Azərbaycanda da öz əksini tapıb. 6,7 yaşa kimi uşaqların tərbiyəsində görüləcək işlərlə bağlı valideynləri maarifləndirmək lazımdır. Bununla bağlı "Ömrün uğurlu bünövrəsi" adlı kitab yazmışam".

Müsahib təhsildə olan sosial problemlərdən də söz açır: "Təhsil sisteminə gəldikdə hər sinif və qrupdakı uşaqların hamısı əla oxumur. Nəticədə biz bir şagirdi 11 il danlayırıq ki, "sən bunu bacarmadın", halbuki təhsil sistemi elə qurulmalıdır ki, biz həmin uşaqları kəşf edək. Ola bilər ki, sözügedən uşağın elmə deyil, idmana, hər-hansısa bir peşəyə qabiliyyəti var. O zaman demək olmaz ki, "sən bacarıqsızsan, yarıtmazsan".
Deməli, böyük sosial problemlərdən biri də təhsil sisteminin düzgün qurulmamasıdır. Təhsil sistemi qurulub ki, istedadlı, savadlılar seçilir, yerdə qalanlara əhəmiyyət verilmir. Özünəinam hissi, sabaha inam hissi olmayandan sonra bu kimi sosial problemlər yaranır".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə