Bəzi ailələrin tez dağılmasına SƏBƏB NƏDİR? - PSİXOLOQ İZAH ETDİ

"Ailə - cəmiyyətdə nümunəvi, statusu bəlli olan insanların bu mühitə daha ciddi yanaşan bir qurumudur. Təəssüf ki, bəzən ailə quran tərəflər bunun məsuliyyətini daşıya bilmirlər. Bir çox insanlar ailə qurarkən nəzərə almır ki, iki şəxsin bir yerdə harmoniyasının yaranması üçün müəyyən bir müddət keçməlidir. Bu müddət ərzində insanlar xarakterlərinin bir-birini tamamlayıb-tamamlamamasını anlamalıdırlar. Onlar çətin situasiyalarda bağlılıqlarını təsdiq etməlidirlər”. Bu sözləri SİA-ya psixoloq Gülər Məmmədova deyib.

Psxioloq qeyd edib ki, bəzi insanlar həqiqətən də sağlam formatda ailə qurmurlar: “Bəzi insanlar valideyn məcburiyyəti ilə, qarşı tərəfin var-dövlətinə, imkanına və digər səbəblərə görə ailə həyatı qururlar. Amma növbəti mərhələdə mehribançılıq yarada bilmirlər. Bu səbəbdən də ailə dağılmalı olur. Təbii ki, burada başqa səbəblər də mövcuddur. Məsələn, hər iki tərəfin yola getməməsi, idarə olunmaq istəməməsi, ailə konsepsiyası haqqında məlumatın olmaması və s. Digər tərəfdən insanlar son zamanlar çox səbirsiz olublar. Sanki heç kim məsuliyyət daşımaq istəmir. Yəni, ümumilikdə götürsək, insanlar daha sərbəst, müstəqil olmaq istəyirlər. Onların hər hansı bir işinə qarışanda, müdaxilə edəndə konflikt yaradırlar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə