Uşaqlarda telefon asılılığını necə aradan qaldırmaq olar? - AYDINLIQ GƏTİRİLDİ

"Bu gün uşaqlarda yaranan telefon asılılığını azaltmaq üçün, ilk növbədə, problemin həllinə valideynlərdən başlamaq lazımdır. Çünki valideynlər övladını yedirtməkdən ötrü uşağın başını telefonla qatırlar. Uşaqlar artıq ana bətnində olarkən telefon aludəçiliyinə meyillənmiş olurlar. Çünki valideyn nə edirsə, bətn daxilində olan uşağın şüuraltına təsir göstərir. Deməli, biz bu prosesə hamiləlik dövründən başlamalıyıq". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, hamiləlik zamanı ananın telefon vasitəsilə qurduğu ünsiyyət, uşaqlarına ötürdükləri ünsiyyətdən daha çox olur: "Doğuşdan sonra isə bu hərəkətlər təkrarlanır. Uşaqlar düşdükləri mühitə uyğun olaraq formalaşırlar. Bu zaman uşaqlar gördüklərini təkrar etdiyinə görə tamamilə telefondan asılı vəziyyətdə qalırlar. Əgər hamiləlik dövründə bunun qarşısı alınmayıbsa və uşaq artıq kiçik yeniyetməlik dövrünə çatıbsa, bu zaman valideynlər uşağını psixoloqa yönəltməklə asılılığa son qoya bilərlər".

Psixoloq sözlərinə davam edərək onu da bildirib ki, indiki gənclər isə ümumiyyətlə efirlərə baxmır: "Bütün ünsiyyətlərini ancaq sosial şəbəkə üzərindən qururlar. Hətta yeni nəslin nümayəndələri öz işlərini rahatlaşdırmaq üçün televiziyada gedən seriallara həmin anda deyil, bir neçə seriya sonra "YouTube"dan baxırlar. Ona görə də bugünkü gündə hər bir nəslin yaşam tərzinə uyğun olaraq cəmiyyət inkişaf edir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə