“İnkişaf etmiş ölkələrin əksəriyyətində ödənişli yollar mövcuddur“ - SORĞU
Dünya təcrübəsində ödənişli yollarla bağlı bir çox praktika mövcuddur. Hazırda bu təcrübənin respublikamızın ərazisində də tətbiq edilməsi nəzərdə tutulur, bu istiqamətdə işlər görülür. SİA ödənişli yolların mənfi və müsbət cəhətləri ilə bağlı ekspert fikirlərini təqdim edir:
Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov: “Yol hərəkətinin təşkilinin iki məqsəd funksiyası var. Birinci sürət əldə etmək, ikincisi isə təhlükəsizliyin təmin edilməsidir. Bəzən sürət əldə etdikdə, təhlükəsizliyi tam təmin etmək mümkün olmur. Buna görə də yollar elə formada olmalıdır ki, təhlükəsizlik tam təmin edilə bilsin. Bu nöqteyi-nəzərdən ödənişli yollar bütün yol standartlarına uyğun hazırlanır və orada sürət əldə olunur. Buna görə də inkişaf etmiş ölkələrin əksəriyyətində ödənişli yollar mövcuddur. Bu yolların müsbət tərəfləri çoxdur. Ancaq bir əsas məsələ var ki, həmin ödənişli yollara alternativ ödənişsiz yollar da olmalıdır. Çünki hər kəs ödənişli yollardan istifadə edə bilməz.
Düzgün layihələndirmə olarsa, ödənişin münasib tarifləri olarsa, bu yolların olması respublikamız üçün çox müsbət nəticələr verər”.
İqtisadçı Xalid Kərimli: “Dünyada, xüsusilə də Türkiyədə pullu yolların olması ilə bağlı praktika geniş yayılıb. Yol dövlət büdcəsi hesabına tikilib. Lakin pullu yollar olduğu təqdirdə onlara alternativ yollar da olacaq. Çünki vətəndaşlar pullu yollardan istifadəyə məcbur edilə bilməz.
Bakı-Quba yolunda hazırda bu istiqamətdə iş aparılır. Lakin mütləq şəkildə ona alternativ yol olmalıdır. Yəni istənilən halda vətəndaş qarşısına seçim qoyulmalı, seçim haqqı verilməlidir.
Pullu yolların dövlət üçün üstünlükləri var. Belə ki, dövlət həmin yolun tikintisi üçün pul xərcləyib və istifadə edən şəxslər də qarşılığında pul ödəyir. Vətəndaş üçün isə üstünlüyü ondan ibarətdir ki, benzinə pul verib uzun yol getməkdənsə, yol üçün pul ödəyib daha qısa və təmirli yol gedəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB