Məhərrəm ayında hansı əməllər yerinə yetirilir? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

“Azərbaycan üfüqündə Məhərrəm ayının başlanması iyul ayının 19-na təsadüf edir. Əlimizdə olan təqvimə əsasən, Aşura günü ayın 28-i olacaq. Bütün aylarda günah əməllər eynidir. Sadəcə olaraq, müsəlman təqviminin birinci ayı olduğu üçün müəyyən əhkam və hökmlər var ki, biz Məhərrəm ayında onlara xüsusi dəyər veririk, əməl edirik. Adəm və Həvvanın bağışlanması, Musa peyğəmbərin öz camaatını xilas etməsi, Nuh peyğəmbərin gəmisinin dəryadan xilas olması kimi günlər bu aya təsadüf edir. Peyğəmbər və onun ailəsini sevən insanlar 680-ci ildə baş vermiş Kərbəla faciəsini əsas tutaraq Məhərrəm ayının Aşura günündə şəhidlərin hörmət ehtiramını saxlayırıq”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, Əhli-beyt insanları Məhərrəm ayının 10-cu günündən başlayaraq Səfər ayının sonuna kimi toy mərasimlərini təxirə salırlar: “Bu ayda savab işləri, Allahın bəyəndiyi əməllərlə məşğul olunmalıdır. Məhərrəmlikdə ailələr evlərdə ehsanat bişirib fəqirlərə paylayırlar. Müəyyən günlərdə əhali məscidlərdə toplaşıb əzadarlıq edirlər, İmam Hüseyn və ailəsini yad edirlər”.

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, istənilən ayda edilən günah Allah-təala tərəfindən bəyənilmir: “Lakin Məhərrəm ayı, Səfər ayı, Rəcəb ayı, Ramazan ayı kimi bəzi xüsusi vaxtlarda isə günah işləməməyə xüsusi diqqət yetirmək lazımdır. İnsanlar bacardığı qədər günahdan uzaq düşməlidir. Günah bizi məhvə aparar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə