Bakı metrosunda daha 4 güclü ventilyator və 6 dempfer quraşdırılıb

"Bakı Metropoliteni" QSC-də daha 4 yeni ventilyatorun və 6 dempferin quraşdırılması işləri başa çatdırılıb. SİA xəbər verir ki, daha iki köhnə ventilyatorun yeni nəsil analoqları ilə əvəzlənməsi istiqamətində işlər həyata keçirilir.

2022-2023-cü illərin planına uyğun, "VOM 24-R" tipli 75 kVt və "VOM 20" tipli 55 kVt gücə malik tipli havalandırma qurğuları stansiya və tunel şaxtaları üçün nəzərdə tutulub. Hazırda 4 ventilyator "Əhmədli-Həzi Aslanov" mənzili, "Cəfər Cabbarlı" və "Xətai" (2 ədəd) stansiyalarında quraşdırılıb. Daha 2 ventilyatorun "Əhmədli-Həzi Aslanov" və "Qara Qarayev-Neftçilər" mənzillərində quraşdırılması üçün hazırlıqlara başlanılıb.

Yeni ventilyatorların quraşdırılmazdan əvvəl köhnəsi sökülməklə beton özül təbəqəsi dağıdılır. Daha sonra quraşdırılacaq ventilyatorun texniki tələblərinə uyğun yeni təməl meydança yaradılır. Bu zaman ventilyatorun maksimum faydalı işləməsi üçün özül təbəqənin hündürlüyü müvafiq standartlara uyğunlaşdırılır. Yalnız bundan sonra yeni ventilyator quraşdırılır.

Yeni ventilyatorların tətbiq edildiyi sahələrdə havanın hərarəti 3 dərəcəyədək aşağı salınıb.

Dempferlərin tətbiqinə isə 2019-cu ildən başlanılıb. 2022-2023-cü illərin planına uyğun olaraq, hündürlüyü 2, eni 2.5 m olan dempferlər "Azadlıq prospekti", "Xalqlar dostluğu", "Neftçilər", "Nərimanov", "Gənclik" və "Əhmədli" stansiyalarının şaxtalarında qurulub.

Quruluşca sadə olan dempferlər təbii hava axınının tənzimlənməsi və düzgün yönləndirilməsində, həmçinin bu imkanlardan geniş istifadə olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu günə qədər Yaşıl və Qırmızı xətlərdə 15 dempfer quraşdırılıb. Bənövşəyi xətdə bu sistemlər layihələndirmə mərhələsində nəzərdə tutularaq tətbiq edilir. Hazırda bu xətt üzrə 86 dempfer istismardadır.

Bütün xəbərlər Facebook səhifəmizdə