Avtomobil alarkən hansı məqamlara diqqət etməliyik? - ARAŞDIRMA

Bu gün demək olar ki, hər kəs ehtiyaclarını asanlıqla ödəyə biləcək bir nəqliyyat vasitəsi almaq istəyir. Lakin seçim etmək o qədər də asan deyil. Çünki nəqliyyat vasitəsi almadan əvvəl nəzərə alınacaq olan bir sıra detallar var.

Bəs, yeni və işlənmiş avtomobil alarkən nələrə diqqət edilməlidir? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Yeni bir avtomobil almaq qərarına gəlmisinizsə, nəzərə alınmalı bəzi vacib detalların olduğunu bilmək faydalıdır. Alacağınız avtomobili müəyyən edəcək ən mühüm kriteriyalardan biri büdcə olsa da, təəssüf ki, ehtiyac duyduğunuz büdcənin olması axtardığınız avtomobili tapmaq üçün kifayət etməyə bilər. Bu istiqamətdə siz nəqliyyat vasitəsi alarkən nələrə diqqət etməli olduğunuz barədə fikir sahibi olmaqla bir çox mövzuda məlumat əldə edə bilər və avtomobilinizə çox daha sürətli və problemsiz sahib çıxa bilərsiniz.

Yeni maşın alarkən nələrə diqqət etmək lazımdır?

Bu bir həqiqətdir ki, avtomobil sahibi olmağın üstünlüyü çoxdur. Ancaq əvvəllər heç vaxt avtomobil almamısınızsa, hansı detallara nəzər yetirməyi bilməməyiniz normaldır.

1. Ehtiyaclarınızı düzgün müəyyən edin

Avtomobil almaq istəyirsinizsə, hansı avtomobili seçəcəyinizə qərar verməzdən əvvəl ehtiyaclarınızı düzgün müəyyənləşdirməyinizi tövsiyə edirik. Məsələn, alacağınız avtomobilin salon həcminin böyük olması sizin üçün nə dərəcədə vacibdir? Avtomobil seçimində əsas meyarınız komfortdur, avtomobilin qiyməti büdcənizə uyğundur, yoxsa avtomobilin avadanlıqları?

Bütün bu suallara düzgün cavab verdikdə müxtəlif alternativlər arasından sizə ən uyğun avtomobili kəşf edə, ehtiyaclarınıza uyğun avtomobili seçə bilərsiniz.

2. Avtomobillə yaxından tanış olun

Nəqliyyat vasitəsi alarkən diqqət etməli olduğunuz digər vacib məqam isə alacağınız avtomobil haqqında ətraflı məlumata sahib olmaq və onu yaxından tanımaqdır. Bu addım, seçdiyiniz avtomobilin uzunmüddətli perspektivdə gözləntilərinizə cavab verib-verməyəcəyi, eləcə də istifadə zamanı nələrə diqqət etməli olduğunuz barədə fikir əldə etməyə kömək edəcək.

Almaq istədiyiniz avtomobilin üstünlükləri və mənfi cəhətləri, nəqliyyat vasitələrinin müqayisəsi və daha bir çox təfərrüatları öyrənərək avtomobil haqqında fikir əldə etmək mümkündür. Bunun üçün avtomobil satış nümayəndələri ilə məsləhətləşə və ya internet üzərindən apardığınız araşdırmalarla məlumat ala bilərsiniz.

3. Avtomobilin yanacaq tipi haqqında öyrənin

Avtomobil alarkən diqqət edilməli olan başqa bir mövzu da avtomobillərin yanacaq növüdür. İlk baxışdan o qədər vacib görünməsə də, almaq istədiyiniz avtomobilin yanacaq növü haqqında kifayət qədər məlumata sahib olmaq həm də uzun müddət ərzində avtomobilinizin sizə və büdcənizə uyğun olub-olmayacağı barədə fikir əldə etməyə kömək edəcək.

Bu mənada dizel və ya benzin ilə işləyən, eləcə də elektrikli avtomobillərin yanacaq xüsusiyyətlərini araşdıra bilərsiniz. Məsələn, dizel avtomobilləri benzinlə işləyən avtomobillərə nisbətən daha çox yanacaq sərfiyyatı, benzinlə işləyən avtomobillər isə digər yanacaq növləri ilə işləyən avtomobillərlə müqayisədə daha güclü sürmə performansı təklif edir.

4. Vergi və xərclər haqqında məlumatınız olsun

Avtomobil alarkən, bəlkə də ən vacib məsələlərdən biri avtomobilin uzunmüddətli xərcləridir.

Nəqliyyat vasitələrinin əsas xərclərini aşağıdakı kimi sadalamaq olar:

- Avtomobil təmiri xərcləri
- Dövri təmir xərcləri
- Yanacaq sərfi
- Yoxlama haqqı
- Parkinq haqları
- Təkər dəyişdirmə
- Sığorta
Almaq istədiyiniz avtomobilin istifadə və baxım xərclərini bu şəkildə cədvələ salmaqla avtomobilin il ərzində büdcənizə necə təsir edəcəyini görmək mümkündür.

5. Avtomobilin səlahiyyətli xidmət şəbəkəsinə diqqət edin

Avtomobilin bütün ehtiyaclarını qarşılaya bilən güclü xidmət şəbəkəsi, gələcəkdə avtomobilinizlə bağlı yaşaya biləcəyiniz hər hansı problemdə sizə kömək etməklə bu problemlərə ən yaxşı həll yollarını tapa bilər.

6. Maşını almadan əvvəl sınaqdan keçirin

Test sürüşü edin. Test sürüşü seçdiyiniz avtomobilin sizin üçün həqiqətən uyğun olub olmadığını anlamanıza kömək edəcək ən vacib detallardan biridir.

Bir avtomobilin sizə kifayət qədər rahatlıq təqdim edib-etməyəcəyini, sürücülük təcrübəsinin sizi qane edib-etmədiyini və avtomobillə əlaqəli digər xüsusiyyətləri test sürüşündə öyrənə bilərsiniz.

Bütün bunlarla yanaşı bəzən bəzi sürücülər üçün ikinci əl avtomobil modelləri yeni avtomobillər əvəzinə təmin etdikləri üstünlüklərə görə daha cəlbedici ola bilir. Bu istiqamətdə işlənmiş avtomobil alarkən nəzərə alınacaq məqamlara nəzər salmaq faydalı olar.

Avtomobil almağı planlaşdıranlar həm yeni, həm də işlənmiş avtomobil modellərini seçə bilərlər. İkinci əl avtomobillər daha əvvəl istifadə olunduğu üçün bəzi məqamlara diqqət yetirmək alış prosesindən sonra yarana biləcək xoşagəlməz sürprizlərin də qarşısını alacaq.

İkinci əl avtomobil alarkən nəzərə alınmalı olan məqamları aşağıdakı kimi sadalamaq olar:

- Bəyəndiyiniz ikinci əl avtomobili almazdan əvvəl avtomobilin şassi nömrəsi ilə mühərrikin şassi nömrəsini müqayisə etməli və avtomobilin istədiyiniz vasitə ilə eyni olub olmadığını yoxlamalısınız.

- Avtomobilin daha əvvəl qəza keçirib-keçmədiyini öyrənərək uzun müddətli istifadə zamanı yarana biləcək problemlərin qarşısını ala bilərsiniz.

- İkinci əl avtomobil almazdan əvvəl avtomobilin yanacaq növü haqqında ətraflı məlumat almalı və avtomobilin sərf etdiyi yanacağın miqdarının büdcənizi aşmayacağına əmin olmalısınız.

- Seçdiyiniz avtomobilin texniki baxışlarının tam olub olmadığını yoxlamalısınız.

- Yeni avtomobillərdə olduğu kimi, ikinci əl avtomobillərdə də avtomobilin sizin üçün uyğun olub-olmadığını anlamaq üçün test sürüşü edin. Test sürüşü sayəsində nəqliyyat vasitəsində sizi narahat edən hər hansı bir vəziyyətin olub olmadığını anlaya, avtomobilin idarə olunmasını öyrənə və texniki nasazlıq olarsa əvvəlcədən görə bilərsiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə