Boşanmış qadınlar niyə təzyiqə məruz qalır? - EKSPERT DANIŞDI

"Şərq cəmiyyətində ümumiyyətlə həm dini baxışlara görə, həm də mental dəyərlərə görə boşanmış, dul qadınlara qarşı həmişə kəskin bir münasibət sərgilənib. Nədənsə biz kişilərə qarşı bu aqressiyanı görmürük. İllərdir ki, Azərbaycanda bu məsələ ilə bağlı mübarizə aparmışıq. Həm sosial həyatda, həm məişət səviyyəsində, həm də kütləvi informasiya vasitələrində bu yöndə maarifləndirmə və neomaarifləndirmə kampaniyaları aparmışıq". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, sosial-ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bəzən həmin kampaniyalar o qədər güclü olub ki, dul qadınlara qarşı yox, qadınını boşayan kişilərə qarşı cəmiyyətin qınağı kəskinləşib: "Amma bu problem hələ də qalmaqdadır. Keçmişdə daha kəskin olan bu problem hal-hazırda biraz da olsa yumşalıb. Düşünmürəm ki, indiki dövrdə boşanmış qadınlar iş tapmaqda çətinlik çəkir. Mediada da, sosial şəbəkələrdə paylaşılan informasiyalardan da görürük ki, hətta boşanmış qadınlar yüksək səviyyədə karyera qururlar. Amma insanlara ictimai-mediativ basqılar da olur. Doğrudur, sonuncu müharibə boşanmış qadınlara qarşı bu ictimai basqını demək olar ki, aradan qaldırdı. Əsasən də dul qalmış xanımlarımız şəhid ailələrinin üzvləri sayılırdı. Onların həyat yoldaşı bu torpaq uğrunda vuruşublar. Həmin xanımlar cəmiyyətdə bir status qazanıb.

Bilirsiniz, indi gənc yaşda evlənib, uşaq dünyaya gətirdikdən sonra ərini məhkəməyə verən qadınların sayının get-gedə artdığını görəndə cəmiyyətdə olan bu aqressiyanı normal qəbul etməliyik".

Ekspert sözlərinə davam edərək bildirib ki, işverənlər bugünkü gündə belə gənc və gözəl olan boşanmış qadınları məmnuniyyətlə işə qəbul edir: "Kişilərə heç bu cür fürsətlər yaradılmır. Cəmiyyətin bu aqressiyasını bir tərəfdən pandemiyadan irəli gələn problemlərlə, digər tərəfdən sosial vəziyyətin pisləşməsi, işsizliyin artması ilə əlaqələndirmək olar. Cəmiyyət öz aqressiyasını hansısa qüvvəyə və ya insan toplumuna qarşı yönəltməyə çalışır. Bu psixoloji-ictimai gərginlik daha çox qadınlara yönəlir. Həmin qadınların sırasında boşanmış, dul olanların sayı həddindən artıq çoxdur. Biz istərdik ki, insana insan kimi dəyər verilsin. İnsanlara cinsinə, dininə, dilinə görə münasibət sərgilənməsin. Qadın boşandıqdan sonra da istər cəmiyyət tərəfindən, istərsə də keçmiş əri tərəfindən təzyiqə, zorakılığa məruz qalmasın. Cəmiyyət boşanmış qadını qətlə yetirənlərə qarşı mübarizə aparmalıdır, nəinki boşanmış qadınlara".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə