"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Belə ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə üçdə bir, 3 və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur". Bu barədə SİA-nın sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Naizrliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan aldığımız məlumata əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Aliment ödəməli olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, Ailə Məcəlləsinin 78-cı maddəsinə əsasən digər valideynin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
Həmçinin alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda da alimentin miqdarı sabit pul məbləğində müəyyən oluna bilər.
Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 2022-ci il 9 dekabr tarixli Qanunla cari ildə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmələr tərəfindən alimentlə bağlı sabit pul məbləğinin aşağı həddi qeyd olunan Qanuna uyğun müəyyən edilir. Məhkəmə praktikasına əsasən 220 manatdan artıq məbləğdə alimentin tutulması tələbi də irəli sürülür. Bu zaman məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB