Türkiyəyə dəstək üçün hamı bir yumruq oldu - FOTOREPORTAJ

Qardaş ölkə olan Türkiyənin bir sıra vilayətlərində son 100 ilin ən dəhşətli təbii fəlakəti hesab olunan zəlzələ baş vermişdir. Məlum zəlzələ nəticəsində 7108 nəfər həlak olub, 41000 nəfər insan isə yaralanıb. Baş verənlərlə əlaqədar olaraq azərbaycanlı vətəndaşlar yaralı insanlara kömək etmək məqsədilə yardım kampaniyası həyata keçirirlər. Bu gün artıq yardım kampaniyasının 2-ci günüdür. Vətəndaşlarımız onlara lazım olan əşyaları toplayaraq Tbilisi prospektində yerləşən Heydər Əliyev adına idman və konsert kompleksinə gələrək ianə etdikləri əşyaları təhvil verirlər. Mövzu ilə əlaqədar olaraq SİA həmin əraziyə yollanıb.

Burada öz qardaşlarına kömək etmək məqsədilə gələnlərin sayı hədsiz çox idi. Hər kəs bir yumruq kimi öz gücləri çatan əşyaları və qida məhsullarını gətirərək türklər demiş “bu çorbada benim de tuzum olsun” fikri ilə əllərindən gəldiyi qədər kömək etmək üçün gəliblər.

Köməyə gələn şəxslərə yaxınlaşıb onların da fikirlərini öyrənmək istədik.

Şəhər sakini Orxan Vəliyev: “Allah qardaş dövlət olan Türkiyənin daima yanında olsun. Biz hər zaman onlara öz qardaşımız olaraq baxmışıq. Bu gün də əlimizdən gələn qədər kömək edib, onlara dəstək olmalıyıq. Onlar unutmasınlar ki, bizim kimi qardaşları var”.

Şəhər sakini Zeynal Əliyev: “Biz böyük kədər hissi keçiririk. Çünki həqiqətən, bu, insanlıq üçün faciəvi bir hadisədir. Minlərlə insan dağıntılar altında qalaraq həlak oldular. Allah ölənlərə rəhmət eləsin, qalanlara isə cansağlığı versin”.

Şəhər sakini Ramiz Quliyev: “Bu gün bütün azərbayanlılar bir olub, Türkiyənin yanında olmağa çalışırıq. Heç kim təbii fəlakətdən sığortalanmayıb. Bu hal elə bir şeydir ki, hər kəsin başına gələ bilər. Ona görə də əlimizdən gəldiyi qədər və daha artığını etməyə çalışmalıyıq”.

Şəhər sakini Tural Hüseynli: “Biz də hamı kimi əlimdə olan imkanlardan istifadə edib, yardım etmək üçün buraya gəlmişik. Allah bütün türk qardaşlarımızı qorusun. Bu çətin günləri geridə qoyacağımıza inanıram”.

Şəhər sakini Cabir Mehdiyev: “Zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaralıları da cansağlığı arzulayıram. Bu gün buraya yaralı şəxslərə kömək etmək üçün gəlmişik. Hər qaranlıq gecənin, bir günəşli səhəri olur. Bu, hər kəsin başına gələ bilər”.

Şəhər sakini Ziya Yaqubzadə: “Biz də dünən gecədən yardım kampaniyasına dəstək olmaq məqsədilə Babək prospektinə yığdığımız əşyaları gətirmişdik. Bu gün də bura gəlib öz əlimizdən gələni edirik ki, bizim bacı-qardaşlarımız heç nədən əziyyət çəkməsinlər. Allah Türk dünyasını qorusun. Mən xalqımızın bu şəkildə bir olduqları üçün qürur hissi keçirirəm. Nə xoş türkəm deyənə”.

Yardım etmək üçün gələn vətəndaşların fikirlərini öyrənib, kampaniyanın nə zamana kimi davam edəcəyini, eyni zamanda, yığılan əşyaların nə zaman yola düşəcəyini və s. bu kimi suallarımıza cavab tapmaq məqsədilə kampaniyanı icra edən şəxslərdən biri olan Öndər Aksoya yaxınlaşdıq.

Onun fikirlərinə görə, Türkiyəyə dəstək olmaq məqsədi ilə həyata keçirilən kampaniya bir neçə müddət davam edəcək: “İndiyə kimi 15 tır Türkiyəyə yola düşüb və hazır vəziyyətdə 4 tırımız var. Bu gün də yığılan bütün əşyalar çeşidlənərək tırlara doldurulacaq. Mən buradan Azərbaycan xalqına səslənib demək istəyirəm ki, paltar ehtiyaclarımız hələ ki, yeterli sayda var. Bizim üçün bu dəqiqə əsas ehtiyac qidadır. Əsasən də, quru qida məhsullarına ehtiyacımız var ki, bunlar təcili olaraq Türkiyəyə göndərilməlidir”.

Yardıma gələnlərin içərisində təsadüfən uzun illər ATV VƏ İTV telekanallarında çalışan indi isə “İdrak” liseyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Jalə Həsənli ilə qarşılaşdıq. Jalə xanıma yaxınlaşarkən onu tanımadıq və kömək məqsədi ilə insanlar tərəfindən gətirilən örtükləri qatlayan zaman fikirlərini öyrənmək istədik.

Jalə Həsənli əlindən gələni etməyə çalışdığını bildirib: "Mən də ianə etmişəm, lakin düşünürəm ki, bu kifayət eləmədi. Evdə otura, onların da yanında ola bilmirəm. Bu səbəbdən, ən azından buradakı qardaşlarımızın yanında olub, onlara kömək etmək üçün gəldim. Millətimiz və xalqımız çox sağ olsun. Onlar hər zaman yardıma ehtiyacı olanların yanında olmağı bacarırlar. Bu gün biz türk qardaşlarımız üçün bir yumruq olmuşuq. Hər zaman onların yanındayıq. Əminəm ki, bu hadisə bizim başımıza gəlsəydi, onlar da bu şəkildə bizə dəstək olacaqdılar. Allah daima onlarla olsun”.

Daha sonra “Dayaq” və “Müasir İnternet Resursları” ictimai birliyinin üzvü Zamin Zeynalov öz fikirlərini bildirərək bu sözləri qeyd edib: “Məlum zəlzələdən dolayı əziyyət çəkən türk qardaşlarımıza dəstək olmaq məqsədilə “Dayaq” təşkilatının üzvləri ilə birgə bu yardım kampaniyasına qoşulduq. Təbii ki, bu, hər birimizin insanlıq borcudur. Allah bütün insanlara kömək olsun”.

Qeyd edək ki, yardım kampaniyası Tbilisi prospekti Heydər Əliyev adına İdman və Konsert Kompleksində həyata keçirilir. Bir neçə müddət bu prosesin davam edəcəyi gözlənilir. Bir daha demək istərdik ki, Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara isə cansağlığı diləyirik. Biz hər zaman türkün yanındayıq. Onların acısı acımız, kədəri kədərimizdir. Biz bir millət, iki dövlətik.

Bütün xəbərlər Facebook səhifəmizdə