Qarşılıqlı maraqlar əsasında qurulmuş Azərbaycan-Ruminya əməkdaşlığı

Azərbaycan və Rumıniya arasında uzun illərdir ki, yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu isə iki ölkə arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı əməkdaşlığa əsas verir. Prezident cənab İlham Əliyevin ötən ilin dekabrında Buxarestə işgüzar səfəri, eləcə də Rumıniya Prezidentinin fevral ayının 2-də ölkəmizə səfəri, iki ölkə arasında təmasların yüksək səviyyədə olmasının göstəricisidir. Fevralın 2-də ölkəmizə baş tutan səfərdə Prezidentlərin mətbuata bəyanatları zamanı Prezident cənab İlham Əliyev Azərbaycan-Rumıniya əlaqələrini yüksək qiymətləndirərək bildirdi ki, ölkələrimiz uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər və müzakirə edilən məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Ölkə başçılarının qarşılıqlı səfərləri zamanı müzakirə olunan bütün məsələlər də məhz strateji əhəmiyyət daşıyır. Bütün bunlar isə iki ölkə arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olmasından irəli gəlir. Ölkələrimiz arasında ticari-iqtisadi münasibətlər davamlı olaraq inkişaf edir və ticarət dövriyyəsi iki dəfədən çox artıb. Lakin hər iki ölkənin əsas hədəfi ticarət dövriyyəsini şaxələndirməkdən ibarətdir. Çünki Azərbaycan və Rumıniya ticari-iqtisadi sahədə daha yaxşı nəticələrə nail ola bilərlər.

Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 1990-cı illərdə dahi şəxsiyyət Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən cənab Prezident İlham Əliyev iki ölkə arasındakı ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etdiyini, dövriyyənin şaxələndirilməsi üçün əlavə addımlar atılacağını və hökumətlərarası komissiyanın Buxarestdə görüş keçirəcəyini vurğuladı.

Rumıniyanın bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. Eyni zamanda Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır. Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında saziş gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir. Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək.

Əlavə olaraq İlham Əliyev Rumıniya vasitəsilə digər Avropa bazarlarına da müraciət edəcəyimizi və bu imkanlardan qaz ixracı üçün istifadə edəcəyimizi bildirib. Rumıniya saytlarından birində qeyd olunub ki, növbəti illərdə Rumıniya da inqilabi layihə vasitəsilə Xəzər dənizindən elektrik enerjisi almağa ümid edir.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə