Qarşılıqlı maraqlar əsasında qurulmuş güclü əməkdaşlıq

Son bir ilin dünya birliyi, xüsusilə də Avropa üçün ən aktual mövzusunun enerji təhlükəsizliyi olduğunu desək yəqin ki, yanılmarıq. Ötən ilin fevral ayında başlayan və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi, enerji resurslarının şaxələndirilməsi, bu istiqamətdə etibarlı tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqlar qurmaq kimi məsələlər bir anda gündəmin əsas maddəsi kimi önə çıxmağa başladı. Bu həssas və keşməkeşli dövrdə ölkəmizin bu günə qədər ortaya qoyduğu sözü də imzası qədər keçərli olan etibarlı tərəfdaş imici Azərbaycanı bütün Avropanın axtardığı, arzuolunan dövlətə çevirdi. Şübhəsiz ki, hər kəs fərqindədir ki, son bir ildə Azərbaycanın hökumətinin siyasi gündəliyi olduqca aktivdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il ərzində bir çox xarici səfərlər reallaşdırmış, bu səfərlərdə onlarla sənəd imzalanmış və bir çox beynəlxalq konfrans və simpozyumlarda çıxışlar etmişdir. Bununla yanaşı, ölkəmizə bir çox xarici dövlət və hökümət başçılarının səfərləri baş tutmuşdur. Sonuncu belə səfər ötən günlərdə Rumıniya Prezidenti Klaus Yohannisin səfəri oldu. Səfər çərivəsində Prezident K.Yohannisin ölkə başçımızla təkbətək və çoxtərəli görüşlər reallaşdı, ölkə başçıları mətbuata birgə bəyanatlarla çıxış etdi. Eyni zamanda, cənab K.Yohannis 03 fevral tarixində "Gülüstan" sarayında baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etdi.

Qeyd etmək istərdim ki, iki ölkənin əlaqələrinin köklü tarixi mövcuddur. İlk növbədə Ruminiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışdır. Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayan Avropa İttifaqının ilk üzvü də məhz Ruminiya Respublikası olmuşdur. Beləliklə, Rumıniya-Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə olmuşdur. 2022-ci ildə isə bu əlaqələr daha güclü bir dinamika ilə inkişaf etməyə başladı. İlin son ayında Azərbaycan və Rumıniya arasında qaz təchizatı haqqında saziş imzalandı. Eyni zamanda, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı ki, bununla da əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açıldı.

Rumıniya Prezidentinin ölkəmizə səfəri çərçivəsində liderlərin mətbuata birgə bəyanatlarla çıxışı zamanı ölkə başçımız vurğulamışdır ki, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. O da vurğulandı ki, ticari-iqtisadi sahələrdə də nəticələr var. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artmışdır. Ancaq bu hələ də həqiqi potensialı əks etdirmir. Çünki, ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Gələcəkdə ticarətin şaxələndirilməsi üçün əlavə addımlar atılacağı bildirildi. Azərbaycan Prezidenti onu da qeyd etdi ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək.

Daha sonra mətbuata bəyanatla çıxış edən Rumıniya Prezidenti ölkəsinin Azərbaycanın səmimi və əsl dostu olduğunu bildirdi. Bununla yanaşı, Prezident K.Yohannis yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlanıldığına görə ölkə başçımıza təşəkkürünü ifadə etdi. O çox vacib bir nüansı da qeyd etdi ki, Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Rumıniya ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Təbiidir ki, uzun illər erməni işğalından əziyyət çəkən ölkəmiz üçün bu xüsusi məna ifadə edir.

Sonda vurğulamaq istərdim ki, dərin tarixi köklərlə bir-birinə bağlanmış bu iki ölkə gələcəkdə də tərəfdaşlığını gücləndirmək və daha yaxşı nəticələr əldə etmək əzmindədir. Şübhə yoxdur ki, 02 fevral tarixli səfər gələcək əməkdaşlıq planları üçün çox əhəmiyyətli rol oynayacaqdır.

Səkinə Rüstəmzadə

“Pirallahi Tibb Mərkəzi” PHŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı YAP Pirallahı rayon təşkilatının gənc fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə