Deyirəm, hər dövrün öz dərdi-səri var, deyilmi? Bax, Molla Nəsrəddin dövründə mollanəsrəddinçilərin bir amalı vardı: insanları maarifləndirmək. Bunun üçün dəridən-qabıqdan çıxdılar rəhmətliklər. Nə qədər təzyiqə, həbslərə məruz qaldılar, lakin tutduqları yoldan heç kimsə heç bir vəchlə onları döndərə bilmədi. Əllərindən nə gəlirdisə, etdilər. Əslində çox şey etdilər. İnsanların şüuruna elə toxum səpdilər ki, tez bir zamanda cücərdi və məhsulu maarif oldu, elm oldu.
Məsələn, cümhuriyyət dövründə cümhuriyyətçilərin amalı vardı, onlar cümhuriyyət qurmaq istəyirdilər. Qurdular da. Düzdür, ətrafdakı düşmənin bağrı çatladı, ürəyi partladı, başladı onlara quyu qazmağa ki, cümhuriyyət nədir, azadlıq, müstəqillik nədir, siz kölə olmalısınız. Etdilər də. Cəmi 23 aydan sonra bizi kölə edə bildilər.
Nə isə, bu dövrləri çox sadalamaq fikrim yoxdur, zatən hamıya gün kimi məlumdur. Əsas məsələyə gəlib çıxmaq istəyirəm . Əsas məsələ isə bundan ibarətdir ki, bu dövrdə də pul yığmaq dövrün əsas dəbidir deyək, dərdidir deyək, bilmirəm, amma pul yığmaq məsələsi bəzi insanların gecəli-gündüzlü amalıdır. Yəqin şahidi olmayan yoxdur ki, neçə-neçə pul yığanlar gördük.
Bəzi vəzifədə olanlar gördük ki, vəzifəyə təyin olunan kimi işini-gücünü ötürüb başladı ancaq pul yığmağa. Bir gün soruşulanda ki, bəs sən bu vəzifədə nə iş görmüsən? Baxdıq ki, pul yığmaqdan başqa heç nə etməyib.
Axı pul yığmağın da bir ədəbi, bir qaydası olmalıdır. Nə olar ki, pul yığanda. Bütün dövrlərdə məgər pullu adamlar olmayıb, olub. Bunun şahı olub, xanı, bəyi, vəziri, vəkili, taciri olub. Pullu olublar. Bəli, pul yığıb pullu olublar.
İndi bəs nə üçün pul yığmaq istəyənləri qınamalıyıq. Əcəba onlar pullu ola bilməzlər? Bilərlər, lakin məsələ ayrı məsələdir.
Bir adamın neçə evi olmalıdır? Deyəcəksiniz ki, bir evi olsa, bəsdir də. Nə edəcək, adam bir evdə yaşayır da. Desək ki, iki evi olsun, anda da qayıdıb deyəcəksiniz ki, iki evi bir adam nə edir? Yaxşı, bir adamın neçə maşını olmalıdır? Hamı bir ağızdan deyəcək ki, biri bəsdir də. İkincini kim sürəcək? Yaxşı, bununla da razıyıq. Amma gəlin bir görək, bunu deyən adam bir vəzifəyə gedəndən sonra da belə düşünəcəkmi?
***
Həsənqulu dünənədək sadə bir oğlan idı. Bir evi, bir maşını vardı. Başını salıb aşağı dolanırdı bir təhər. Bir gün Allahı gətirdi, getdi vəzifəyə. Vallah özləri gizlətdilər. Amma yerin də qulağı var, yerdən səs gəldi ki, bu adam durub-dayanmaq bilmir. Evdir ki, alır, maşındır ki, alır, puldur ki, yığır.
Məmmədqulu da dünənədək bir evli, bir maşınlı oğlanlardan idi. Günlərin bir günü getdi vəzifəyə. Aradan bir il keçmədi, Məmmədqulunun yerişi də dəyişdi, əyni-başı da, maşını da. Evinin ətrafına bir hasar çəkdi ki, oradan ha boylan ki, görə biləsən ki, içəridə nə var. Ay gördün, ay.
Hüseynqulu lap dəyişdi ey. Vəzifə bu adamı elə elədi ki, ta qonşularla salamını da kəsdi. Vallah yalan, doğru deyirlər, pul-pənəsini buralara etibar etmir, xarici banklarda saxlayır. Deyirlər, 10-dan çox evi var.
Nəcəfqulu arıq bir oğlandı. Elə ki, vəzifəyə keçdi, vəzifə buna düşdü, həm də necə düşdü. Nəcəfqulu oldu 100-150 kiloqram, bəlkə də yanılıram, bundan da çox. Həm də deyirlər, adam yaman pul yığıb.
Hələ Rzaqulunu demirəm, bizim kimi sadə bir adamıydı da. İndi gəlin, baxın. Vəzifəyə getdi, həyatı dəyişdi. Evini deyək, maşınını deyək, dolanışığını deyək, hansını deyək? Pula da pul demir. Dünənədək arvad uşağı Sədərək bazarından yığılmırdı, indi “Mall”ardan çıxmırlar.
Əşi, özləri bilər ey, yığsınlar, xərcləsinlər. Bal tutan barmaq yalayacaq da. Bunu atalar deyib, biz uşaq-muşaq deməmişik ki. Amma başqa məsələ maraqlıdır ey. Səhərdən bəri mətləbə gəlmək üçün yola çıxmışam. Şükür, deyəsən gələ bildim.
Mətləb budur ki, ay qardaş, sənə bu vəzifəni verməyiblər ey, talançılıqla məşğul olasan. Birinci ona görə veriblər ki, iş görəsən, bir işə, əmələ yarıyasan. İkinci, başqalarından fərqləndirildiyin üçün qanadların yanında dura, göylərə avaz eyləməyə.
Amma çox halda belə deyil axı. Elə ki, vəzifə başına keçildi, məqsəd dəyişir. Adam başlayır pul yığmağa. Yığır, yığır, yığır, deməli, bu pul ailəni aşır, övladı aşır, nəvələri aşır, nəticələri aşır, kötücələri aşır, yadıcaları ( yadlaşmaqda olan nəsil) da aşır, lakin adam durmur. Eşidirsən ki, milyonları mənimsəyib, lakin gözü hələ də doymayıb.
Deyirəm, haradan alım Molla Nəsrəddini, gələ bunlara bir az ağıl-hüş verə. Deyə ki, ay yazıqlar, dayanın, özünüzü biabır etməyin. Gözünüz doysun, nə edirsiniz? Bu qədər yetər. Vallah, heç qədrinizi övladınız bilməyəcək. Pulunuzu elə sovuracaq göylərə ki, baxıb görəcəksiniz ki, oba köçüb, yurdu qalıb. Nəvələriniz xərcləyəcək, amma inanın, bicə dəfə sizə rəhmət oxumayacaqlar. Nəticələriniz üzünüzü görə, ya görməyə. Xərcləyib, heç sizi əsla anmayacaqlar. Qaldı kötücəyə, yadıcalara, vallah, onlardan yana bu qədər həyəcana, qorxuya dəyməz. Çünki bu pulun axır-uxuru onlara çatacaq, az olduğu üçün hələ bir kəllənizi də söyəcəklər.
Hə, bu pul məsələsi elə bir məsələdir ki, ağıl istəyir, bir düşünəsən görəsən, nəyə lazımdır bu qədəri? Ağıl da, belədir ki, Allah hamıya vermir. Bu səbəbdən də pulu yığırıq yığa bildikcə. Biabır olmaq anında isə vicdansız pul gəlib bizi əsla xilas edə bilmir. Niyə də gəlsin ki? Oturub da oturduğu yerdə. Ağır otur, batman gəl, misalı... Pul məsələsi, bax, belə məsələdir.
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB