"Azərbaycanda bu məsələyə ağıllı yanaşma yoxdur" - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ailədaxilində yaranan münaqişələrin həllinə indiki dövrdə Azərbaycanda yanaşma üsulu düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, cəmiyyətin günü-gündən mürəkkəbləşdiyi bu dövrdə hər bir sahə üzrə 2-3 nəfərdən ibarət sosial iş xidmətinin yaradılmasına çox böyük ehtiyac var: “Həmin sosial iş xidmətləri öz dairələrində olan bütün ailələri nəzarətdə saxlayacaq. Xidmət işçiləri bu ailələrdə yaranmış problemləri öncədən nəzarət altına alacaq, profilaktik tədbirlər görəcək və maarifləndirmə işləri aparacaqlar. Elə xırda problemlər var ki, onları sosial işçilərin köməyi ilə vaxtında həll etmək olar. Bəzən münaqişələr cinayətə çevrildikdən sonra deyirlər ki, kaş ki polisə xəbər verərdi. Düşünürəm ki, psixoloji cəhətdən nə polis, nə də problem yaşayan ailə üzvü buna hazırdır”.

Sosioloq sözlərinə davam edərək bildirib ki, sosial işçi isə sırf o məsələlərlə bağlı fəaliyyət göstərəcək, ailə də özünü onun yanında rahat hiss edəcək: “Bu cür çevik tədbirlər həyata keçirilməlidir. Televiziya kanallarında əttökən verilişlərin əvəzinə ailədaxili maarifləndirici proqramlar hazırlamaq, Azərbaycandakı nümunəvi ailələrlə bağlı çəkilişlər etmək lazımdır. Bugünkü gündə Azərbaycanda ailə-məişət problemləri ilə bağlı nəinki elmi yanaşma, heç ağıllı yanaşma da yoxdur. Bütün proses başlı-başına buraxılıb. Əgər bu cür davam etsə, hər növbəti ildə ailədaxili münaqişələrin cinayətlə sonlanması halları daha da artacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə