"Əhalinin qazla davranış mədəniyyəti yüksəldilməlidir" - SƏDR DANIŞDI

"2023-cü ilin qışı digər illərə nisbətən sərt keçdi. Demək olar ki, qar bütün ölkə ərazisini əhatə etdi. Şaxtalı hava şəraiti insanları qazdan daha intensiv istifadə etməyə məcbur edir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qaz olmadığı təqdirdə balon qazından istifadə etmək, məcbur olub evi sadəcə qazla isitmək zərurəti duyan insanların qaza tələbatı artdığı üçün təəssüf ki, partlayışların, qazdan zəhərlənmələrin də sayı artıb: "Belə halda ciddi məsələlərdən biri insanların qazla davranış mədəniyyətinin olmamasıdır. Qaz olmayan bölgələrdən şəhərə işləməyə gələnlər evi isitmək üçün gecələr qaz peçini açıq qoyur. Əksər hallarda belə şeylərdən partlayışlar, boğulmalar baş verir. Bəzən evdə hamama olan tələblər də yerinə yetirilmir".

Sədr sözlərinə davam edərək bildirib ki, ölkədə ciddi problemlərdən biri qaz təchizatçısının qazın balans məsuliyyətinə, yəni sayğaca qədər cavabdeh olduqlarını demələridir: "Sayğacdan sonra istehlakçıya qazın çatdırılması məsələsində müəyyən lisenziyaya sahib heç bir qurum yoxdur ki, bu işləri görsün. İnsanlar mənzilinə qaz verilməsi üçün kifayət qədər məlumatı olmayan fəhləyə müraciət edirlər. Onlar da öz məlumatsızlıqları ilə qazı çəkir, birləşdirir və ya qaz qurğularını quraşdırır. Bu işlərə cavabdeh olan müəyyən MMC-lər, ixtisaslaşdırılmış qurumlar olmalıdır.

Əhalinin qazla davranış bacarıqlarının zəif olması, qazın evlərinə girmiş həm dost, həm də əzrail olduğunu dərk etməməsi nəticəsində zəhərlənmələr, partlayışlar baş verir. Eyni zamanda, hamamlardan qaz borularının çıxışı da təhlükə yaradan səbəblərdəndir. Əgər çöldə sərt külək əsirsə hamamda istifadə olunan qaz cihazının çıxış borusu küləyə qarşı olduqda içəri dəm qazı ilə dolacaq. Əhali bilməlidir ki, insanların qazdan boğulması bir an çəkir, insan onu hiss etmir. Qaz işlədiciləri olan yerdə qaz detektorları qoyulmağı pis olmazdı. Bu cihaz qaz sızması olduqda səs edir. Hamamla yanaşı, mətbəxdə də qazdan istifadəyə dair tələblər mövcuddur. Məsələn, mütləq hava axını olmalıdır. Həmçinin, iran peçlərindən də boğulmaların sayı kifayət qədərdir. İran peçləri öz ölkəsində istehsal olunan qazın təzyiqinə, parametrlərinə uyğundur. Lakin onlar Azərbaycana gətirildikdə uyğunsuzluq baş verir. İstehlakçı bunun təhlükəsini anlamır. Eləcə də balon qazlarının quraşdırılması ilə bağlı problemlər var. Azad İstehlakçılar Birliyi 4 il öncə öz hesabına kotabçalar çap edib. Bu cür maarifləndirici kitabçalar mütləq əhaliyə paylanmalı, onların qazla davranış mədəniyyəti yüksəldilməlidir. Lakin təəssüf ki, nə "Azəriqaz", nə də SOCAR bu kitabçaların külli miqdarda dərc olunub paylanması üçün heç bir dəstək göstərməyib".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə