Hansı hallarda reklamların yayımı dayandırıla bilər? - QURUM RƏSMİSİ DANIŞDI
"Ümumiyyətlə açıq məkanda reklam yerləşdirməzdən əvvəl Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən (ADRA) icazə alınmalıdır. Bu, qanunun tələbidir. Belə olan halda reklamların qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı yoxlanılır, əgər hər hansı qanun pozuntusu yoxdursa onun yayımına icazə verilir". Bu sözləri SİA-ya açıqlamasında ADRA-nın mətbuat katibi Hüseyn Azəri deyib.
Onun sözlərinə görə, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklam yerləşdirilməsinə icazəni də ADRA verir: "Amma bir çox hallarda sahibkarlar reklamlarını icazə sənədi olmadan yayımlayırlar. Nəticədə bəzi hallarda dil normaları pozulur, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar, dopinq məhsulları, tündlüyü 5 faizdən yuxarı alkoqollu içkilər, qumar oyunları eləcə də Nazirlər Kabinetinin 414 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil olan məhsulların reklamı yayımlanır".
Hüseyn Azəri sözlərinə davam edərək bildirib ki, “Reklam haqqında” Qanunun 4-cü maddəsində reklama dair ümumi tələblər də yer alır: "Qeyd olunur ki, reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir. Reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir. Monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədi olmadan yayımlanan reklamlar eyni zamanda təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır. Açıq məkanda icazə sənədi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcılarının maarifləndirilməsi təmin edilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB