Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Şanlı zəfər tariximiz bir çox həqiqətləri öz məqamına yetirməyə nail oldu. Ermənilərin işğal siyasəti nəticəsində öz yurd-yuvalarından didərgin düşən azərbaycanlıların doğma torpaqlarına geri qayıtması da bu həqiqətlərdən biridir. Erməni işğalının nəticələrinin törətdiyi fəsadları aradan qaldırmaq üçün yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti artıq cari ilin avqust ayından Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, xüsusilə, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil.

Əsrlərdir ki, davam edən ermənilərin beynəlxalq arenada qaralama planları sona yetməlidir. Tarixi ədalətin bərpa edilməsi, dünya dövlətlərinin nəzərinə çatdırılması əhəmiyyətli məsələlərdən hesab edilməlidir. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməsi şərtdir. Bu məsələlər istiqamətində beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Zamanın axarında heç bir tarixi həqiqət heçliyə düçar olaraq itməmişdir. Ermənilərin apardığı bu siyasətdə bu səbəbdən uğursuz olmuşdur. Çünki tarixi həqiqət sübut edəcək mənbələrimiz- sənədlər, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz tarixi mənbələrdəki sübutlarla deyə bilir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmiş, zorla qoparılmışdır.

Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyəti və uğurları danılmazdır. ADR doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, Cəmi iki il yaşasa da, dövlət quruculuğu məsələlərində böyük uğurlara imza atdı. Tarixi həqiqətlər xalqımızın haqqının geri qaytarılmasını təmin etməlidir. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Bunun kifayətlənilməlidi. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik, vicdansızlıq idi.

1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayəti də bağışlanılmaz və unudulmaz oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu. Həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Məcburi qaydada həyata keçirilən bu hadisə xalqın yaddaşında özünə yer tutan ağır itkiləri olan bir faicə idi. Sovet hökumətinin gözünün önündə baş vermiş cinayətləri səssiz şəkildə izləməsi mövqeyini açıq şəkildə bəyan edirdi. Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.

2020-ci ildə Vətən Müharibəsində biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa edərək düşmənləri torpaqlarımızdan qovduq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq. Dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli, uzun illərdi müdafiə etdiyiniz erməni xalqıdır. Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqləmirdi. İki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük. XX əsrdə ermənilərin törətdikləri nəticəsində xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. Qələbəmizdən sonrakı dövr üçün daha böyük hədəflərimiz var. İnformasiyanın müasir dünya nizamındakı gücü bizə bir daha sübut olundu. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu məsələlərdə daha çox diqqətli olmalıyıq. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır.

Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu. Bir daha göstərdikki, bizi heç kim və heç nə dayandıra bilməz. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox çalışan xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər Azərbaycana qarşı qarayaxma kampaniyasına davam edirlər. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. Beynəlxalq hüquq normaları ilə qoruduğum haqq mübarizəmizdə heç kim bizə təsir göstərə bilməz. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Müharibədən keçən iki il ərzindəki zaman intervalı bunu bir daha təsdiq etdi. İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Mövcud istiqamətdə görülən iş bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır. Təşkilati və icra məsələləri həll edilib. Dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Bu istiqamətdə əlavə göstərişlər də veriləcəkdir. Ölkə daxilində icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Azərbaycan çərçivəsində icmanın fəallığı çox önəmli ola bilər. Artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq. Tarixi Zəfər qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər.

Ümummilli liderimiz Heydər Əliyevdə öz nitqlərində daim bu məsələni aktual saxlayıb. 2000-ci il fevralın 15-də Cons Hopkins Vaşinqton Unversitetində görüş zaman bu sözləri ifadə etmişdir. “Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni. ”Ali Baş Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında bu məsələyə bir daha diqqət çəkmişdir. “Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.

Mənzər Ağabəyova

Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə